Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyası (BAXCP) Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının (AMİİ) üzvlüyünə namizəd kimi qəbul olunub.
Bu barədə APA-ya partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
Qeyd edək ki, mayın 22-də Londonda AMİİ-nin illik konqresi keçirilib. Konqresdə İttifaqa yeni siyasi partiyaların qəbulu, quruma üzv olan siyasi partiyaların təmsil etdiyi ölkələrdə bu il keçirilən seçkilərlə bağlı müzakirələr aparılıb.
Konqresdə iştirak edən BAXCP sədri qeyd edib ki, illik konqresdə Azərbaycanla yanaşı İspaniyan və Monteneqronu təmsil edən siyasi partiyaların da AMİİ-yə üzvlüyünə namizəd kimi qəbul olunması müzakirə olunub.
Q. Həsənquliyev BAXCP və fəaliyyəti barədə ətraflı məlumat verib. Müzakirələrdən sonra partiya AMİİ üzvlüyünə namizəd kimi qəbul olunub.
Partiyanın İttifaqa tamhüquqlu üzvlüyü barədə yekun qərar isə AMİİ-nin noyabrın 14-də Tunisdə keçiriləcək toplantısında veriləcək.
Q. Həsənquliyevin dediyinə görə, toplantıya qədərki 6 ay ərzində İttifaq rəsmiləri Azərbaycana səfər edəcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaq, qarşılıqlı əlaqələrin inkişafı üçün müzakirələr aparacaqlar.