Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) şəbəkəsinə daxil olan hökumətlərarası, eləcə də beynəlxalq QHT-lərin və bir sıra Avropa İttifaqının (Aİ) agentliklərinin də qatıldığı “İnkişafda olan miqrasiya və sığınacaq üzrə dialoq” adlı iclasda iştirak edib. İclasda uzunmüddətli qaçqın və məcburi köçkün həyatı yaşayan şəxslərin problemlərinin həll edilməsində QHT-lərin rolu müzakirə edilib. BAMF-ın nümayəndəsi Azərbaycandan olan QHT-lərin mövqeyini iştirakçıların nəzərinə çatdırıb, Azərbaycan hökumətinin ölkədəki minlərlə məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqda məlumat verib.
İclasda ECRE, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Komissiyasının Humanitar Yardım və Mülki Müdafiə departamenti, eləcə də İnkişaf üçün Diaspora Forumu, Qırmızı Xaç, Qaçqın Aksiyası və bir sıra diasporlar da iştirak edib. “Tədbirdə qaçqın və məcburi köçkünlərin işləri ilə məşğul olan müxtəlif icraçıların verdikləri töhfələr barədə toplanmış təcrübənin diqqətə çatdırılması çox faydalı oldu. Dünyanın müxtəlif yerlərində yaşayan qaçqın və məcburi köçkünlərlə görüləcək hələ çox iş var və dəstəyə ehtiyac duyan bu insanlara yardım göstərmək istiqamətində etdiyimiz səyləri daha da artırmalıyıq. Azərbaycan hökumət və vətəndaş cəmiyyəti təşkilatları arasında məcburi köçkünlərin problemlərinin qlobal səviyyədə həllinin tapılmasına yönəlik qarşılıqlı əməkdaşlıq təcrübəsini hər zaman genişləndirə bilər. Bundan əlavə, nə qədər ki, Avropa İttifaqı və BMT kimi beynəlxalq qurumlar ölkələrin razılaşdırılmış konvensiya və qətnamələrə barmaqarası baxmasına göz yumacaqdır, əksər köçkünlük halları daha da uzanacaq” - deyə səfərdən qayıdan Nik Nvolisa bildirib.
Brüsseldə təşkil olunmuş yüksək səviyyəli iclaslarda iştirakla yanaşı Nik Nvolisa Davamlı İnkişaf uğrunda Şimal Alyansı (ANPED) təşkilatının nümayəndəsi ilə də görüşüb. Görüşdə BAMF və ANPED-in davamlı inkişafa dair üst-üstə düşən maraqları müzakirə olunub. BAMF təmsilçisi Davamlı İnkişaf Məqsədlərinə dair fəaliyyətin icra olunması üçün ANPED-lə əməkdaşlığa başlamaqla bağlı istəyini ifadə edib və qeyd edib ki, BAMF Davamlı İnkişaf Məqsədlərinin Azərbaycan, Mərkəzi Asiya və Qafqaz regionunda təbliğini öz prioritet məsələsinə çevirib, çünki sözügedən regionların Davamlı İnkişaf Məqsədlərinin müzakirəsi prosesindəki təmsil olunma səviyyəsi kafi deyil.
Qeyd edək ki, BAMF 2007-ci ildən ECRE-nin üzvüdür və hazırda bu şəbəkəyə 30 ölkədən 76 QHT daxildir. BMT-nin QHT bölməsinin (ECOSOC) Xüsusi Məşvərətçi Statuslu üzvü olan BAMF ECRE-nin yüksək səviyyəli tədbirlərində və digər müvafiq sessiyalarında nəzərə alınan müxtəlif sənədlər hazırlayıb təqdim etmək səlahiyyətinə malikdir.