BMT-Azərbaycan: səmərəli əməkdaşlıq və 2 illik tərəfdaşlıq 
03 mart 2015 15:50 (UTC +04:00)

BMT-Azərbaycan: səmərəli əməkdaşlıq və 2 illik tərəfdaşlıq 

 
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT və dünya dövlətlərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmini əsas tutaraq, dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzulayaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi. Bununla da BMT ilə əməkdaşlığın əsası qoyulmuş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini sərgiləməyə başlamışdır.
2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.
Azərbaycanın BMT ilə əməkdaşlığının zirvəsi bu ali qurumun Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü olmaqla təmsil olunması idi. 2011-ci ilin oktyabrından 2013-cü ilin 31 dekabr tarixinədək davam edən iki illik qısa, lakin səmərəli fəaliyyət Azərbaycanın dünyəvi nüfuzunun artmasına təsir göstərmişdir. Azərbaycanın bu mötəbər kürsüdə təmsil olunması,  BMT adından çıxış etmə məsuliyyətinin ölkəmizə həvalə olunması beynəlxalq inamın təcəssümü idi. Respublikamızın qeyri-daimi sədrliyi dövründə sərgilədiyi prinsipial və qətiyyətli mövqe isə bu etimadı doğrultmuşdu. İki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında sədrlik vəzifəsini həyata keçirmiş, bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.
Təhlükəsizlik Şurasında  təmsil olunma Azərbaycanın siyasi çəkisini artırmış, regional liderliyini təsdiqləmişdir. Bu gün Respublikamız etibarlı tərəfdaş, arzuolunan əməkdaş, səmərəli müttəfiq kimi böyük dövlətlərin xarici əlaqələrində önəm verdikləri xüsusi əhəmiyyətli ölkədir. BMT TŞ-da iki il müddətinə qeyri-daimi üzvlük isə Azərbaycanın beynəlxalq əhəmiyyətli əlaqələrinə, xarici siyasət strategiyasına müsbət təsiri ilə ötüşəcəkdir. Bu təcrübə Azərbaycanın dünyəvi vacibliyinin dərk olunmasında, beynəlxalq nüfuzunun möhkəmlənməsində, Azərbaycan reallığının obyektiv dərk olunmasında, milli maraqlarımızın təminində mühüm rol oynayacaqdır.  TŞ-da qeyri-daimi üzv kimi operativ fəaliyyəti ilə  Azərbaycan hər zamankı kimi çevik, rasional və praqmatik siyasətini ortaya qoyaraq, güclü, etibarlı, səmərəli idarəçiliyini isbat etmiş oldu. Bu, həmçinin BMT-Azərbaycan əlaqələrinin və Azərbaycanın beynəlxalq arenada oynadığı rolun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır. 
 
Nailə Məmmədova
Azerbaijan Realities
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar