Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ın) yaranmasından 95 il ötür.
Lent.az-ın məlumatına görə, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulmuş ilk milli xəbər agentliyi - AzərTAc mürəkkəb və şərəfli yol keçib. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.
AzərTAc bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 30 mindən artıq xəbər, 80 mindən çox foto, 800-dən artıq videoxəbər, 30-dən çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AzərTAc-ın informasiyalarından istifadə edir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir.
Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AzərTAc-ın bu gün 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
95 illik yubiley ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla agentliyin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb. Dövlətimizin başçısının digər sərəncamları ilə AzərTAc-ın iki əməkdaşına “Əməkdar jurnalist”, üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi”, bir əməkdaşına “Əməkdar mühəndis” adı verilib, yeddi əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif edilib.