Azərbaycanın dini liderləri dünya ictimaiyyətinə müraciət edib
23 fevral 2015 11:30 (UTC +04:00)

Azərbaycanın dini liderləri dünya ictimaiyyətinə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı katolik icmasının rəhbəri Ordinari Vladimir Fekete ilə birgə Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıb.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, dini, dili, irqi və milli mənsubiyyətinə görə fərq qoymadan bütün dünya ictimaiyyətinə Azərbaycan şəhəriXocalıda dinc əhaliyə qarşı  törədilmiş soyqırımın 23-cü ildönümü ərəfəsində müraciət edilir.

 

Müraciətdə daha sonra deyilir: “Elə  bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərlərə zidd olan zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandırsın. Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakinləri erməni işğalçılarının qəfil və amansız basqınına məruz qalıb. 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmayıb. Nəticə etibarilə Xocalı şəhəri yer üzündən silinib, onun 150 nəfər sakini itkin düşüb, 1275 nəfəri əsir götürülərək ağır işgəncələrə məruz qalıb, amansızcasına qətlə yetirilmiş insanların meyitləri üzərində  ağla sığmayan vəhşiliklər törədilib. Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, maddi və mənəvi terror gerçəkləşdirmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda dinc əhaliyə qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olub. Lakin təəssüflər olsun ki, iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq,BMT Təhlükəsizlik Şurasının  erməni qəsbkarlarının zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 məlum qətnaməsinin şərtləri bu günədək yerinə yetirilməyib, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıblar. Belə cəzasızlıq isə öz növbəsində analoji cinayətlərin təkrarlanmasına rəvac verir. Bu gün artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır. Bütün bunların fövqündə, beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan bəzi hadisələrin üzərindən bir əsrin keçməsinə baxmayaraq, işgalçı Ermənistan dövləti tərəfindən siyasiləşdirilərək soyqırım kimi təlqin olunması meylləri hələ də davam etməkdədir. Heç bir tarixi həqiqətə söykənməyən uydurma erməni soyqırımının tanıdılması cəhdləri, özlərini «soyqırım qurbanları» kimi qələmə vermələri, ildönümlərinin qeyd edilməsi tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa bir şey deyildir. Bu saxta iddialara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək və ədalət öz yerini tutacaq! Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyadan olan din xadimləri Vətənimiz Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, o cümlədən Xocalıda şəhid olmuş insanların  xatirəsini əziz tutur, bütün dünya xalqlarına sülh, səadət və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Buna görə də üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına, cinayətkar əməllərə prinsipial siyasi, hüquqi qiymət verilərək günahkarların cəzalandırılmasına və Xocalıda törədilən kütləvi qırğının soyqırım aktı kimi tanınmasına çağırırıq. Uca Yaradan haqq işimizə yardımçı olsun!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar