Bu gün YUNESKO-nun Parisdə yerləşən Baş Qərargahında təşkilatın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sessiyada Komitənin Bürosuna yeni üzvlərin, Komitə Prezidentinin, üç Vitse-Prezidentin və Məruzəçi vəzifələrinə seçkilər keçirilib.
Komitənin Sədri vəzifəsinə Belçika, vitse-prezidentlər isə Azərbaycan, Xorvatiya və Salvador seçilib. Xorvatiya eyni zamanda məruzəçi də seçilib. Azərbaycanın YUNESKO-nun bu vacib Komitəsinə vitse-prezident seçilməsi, silahlı münaqişələr zamanı, eləcə də işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərində ölkəmizin göstərdiyi səylərin nəticəsidir.