Dekabrın 18-də Parisdə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin növbəti səkkizinci sessiyası başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyanın əvvəlində Komitənin Bürosuna yeni üzvlərin seçkisi olub. Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçilib.
Qeyd edək ki, Azərbaycan davamlı olaraq iki ildir ki, Büroya üzv seçilir. Azərbaycanın yenidən Büroya üzv seçilməsi Komitənin 2014-cü ildə keçiriləcək gələcək sessiyasının gündəliyinin müəyyən edilməsi, milli maraqlarımızın Komitənin sənədlərində nəzərə alınması və ən önəmlisi, ölkəmizin təşəbbüs etdiyi işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı məsələnin davamlı olaraq Komitədə müzakirə edilməsinə imkan yaradacaq.