Varşavada, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) ev sahibliyi ilə azərbaycanlılarla görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə ATƏT DTİHB-nin İnsan haqları departamentinin rəhbəri Ömər Fişer, Demokratikləşmə departamentinin rəhbəri Martin Valetski və qurumun seçki üzrə məruzəçisi Radivoje Grujiç, AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, AAK vitse-prezidentləri, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Nifətliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri, Finlandiya-Azərbaycan Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Muradlı, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva iştirak ediblər.
S. Qasımov görüş iştirakçılarına AAK, ümumiyyətlə Avropada azərbaycanlıların fəaliyyəti barədə məlumat verib. O, ATƏT DTİHB-nun Azərbaycanda keçirilən 11 aprel prezident seçkiləri ilə bağlı ilkin rəyinin qitədə yaşayan azərbaycanlıları narahat etdiyini bildirib: “Biz Avropa ölkələrinin vətəndaşları, dolayısı ilə buranın vergi ödəyiciləriyik. Biz iş adamlarının burada ödədiyimiz vergilərlə maliyyələşən bəzi Avropa institutları təəssüf ki, ədalətli addımlar atmırlar. Bu baxımdan tarixi vətənimizlə bağlı Avropa təşkilatlarının ikili standartlara söykənən rəyi bizi ciddi narahat edir və bununla bağlı yaranan suallarımıza sizdən cavab istəyirik. Biz bura Avropa vətəndaşları olaraq sizinlə qarşılıqlı formada, dost kimi müzakirələrə gəlmişik”.
Qurumun Azərbaycandakı seçkilər üzrə məsul məruzəçisi R. Grujiç cavabında deyib ki, seçkidən əvvəl fevral ayında Azərbaycanın dəvəti ilə seçkiqabağı vəziyyəti müşahidə etmək üçün ölkədə olublar: “Deyə bilərəm ki, bəzi bərabərsizliklər olsa da, Azərbaycanda seçki administrasiyası yüksək formada təşkil olunub. Bizim bununla bağlı raportumuz da olub və ictimaiyyət artıq tanışdır. Beynəlxalq müşahidəçilərin seçkiqabağı və seçki ərəfəsi müşahidə imkanları da yüksək formada təşkil olunmuşdu”. O qeyd edib ki, hazırda seçkinin yekunu ilə bağlı qurum adından bütün detalları əhatə edən böyük bir sənəd hazırlanır və yaxın zamanda açıqlanacaq.
S. Qasımov ona cavab olaraq seçki ilə bağlı hazırlanan ilkin raportda ciddi ziddiyyətlər olduğuna diqqət çəkib: “Məsələn, DTİHB Ermənistanda keçirilən seçki ilə bağlı müsbət rəy vermişdi, amma seçkidən sonra qısa tarix göstərdi ki, bu, həqiqət deyil. Çünki xalq Serj Sarkisyan rejimini qəbul etmədiyini kütləvi aksiyalarla sübut etdi. Amma Azərbaycanla bağlı tamamən fərqli rəy vermisiniz”.
Məruzəçi Grujiç qeyd edib ki, Ermənistandakı seçkilərlə bağlı iradlara cavab verə bilməz, çünki yalnız Azərbaycanı müşahidə edib: “Amma onu deyə bilərəm ki, biz seçkilərin nəticələrini yox, onun keçirilmə mühitini müşahidə edirik. Bütün hallarda isə biz ölkələri heç vaxt müqayisə etmirik”.
M. Valetski isə nəzərə çatdırıb ki, təmsil etdiyi qurum Azərbaycanda gedən inkişafı inkar etmir, edə də bilməz: “Biz sadəcə, çox istəyərdik ki, Azərbaycan bizim əhatə etdiyimiz sahələrlə bağlı tədbirlərimizdə iştirak etsin, daha çox qarşılıqlı əməkdaşlıq edək. Bu Azərbaycanın inkişafına dəstək ola bilər. Eyni zamanda, Avropa Azərbaycanlıları Konqresi qitədə bizim əməkdaşlıq edə biləcəyimiz kifayət qədər sosial bazalı təşkilat ola bilər. Hansı ki bundan tərəfdaşımız Azərbaycan da faydalanar”.
S. Qasımov buna məmnuniyyətlə hazır olduqlarını bildirərək, Azərbaycanın 25 ildir erməni işğalından əziyyət çəkməsinin da qitədəki azərbaycanlılar üçün narahatlıq obyekti olduğunu söyləyib: “Bu gün Avropanın özü qaçqın problemindən əziyyət çəkir. Amma bizim vətənimiz Azərbaycan 25 ildən çoxdur 1 milyondan çox qaçqın və məcburi köçkünü təmin edir”.
Yaşar Niftəliyev də Dağlıq Qarabağ münaqişəsinin uzanmasının ATƏT üçün mənfi hal olduğunu və indiyə qədər həll istiqamətində ciddi addım atılmamasının qurumun nüfuzuna zərbə vurduğunu bildirib.
M. Valetski təqdim olunan materialın onlar üçün maraqlı olduğunu deyərək Azərbaycanla bütün məsələlərdə müzakirələrə hazır olduqlarını vurğulayıb.
Rövşən Tağıyev çıxış edərək bu ay Azərbaycanda şərqdə yaranan ilk demokratik respublikanın 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb: “Şərqdə, hətta bəzi Avropa ölkələri ilə müqayisədə Azərbaycan qadınlara ilk səsvermə hüququnu verən ölkə olub. Yəni bizim vətəndə demokratik təsisatlar var. Bunu daha da inkişaf etdirməyin yolu isə Azərbaycana radikal, ikili münasibət sərgiləməkdən keçmir. Avropada yaşayan azərbaycanlılar vətəndaşı olduğumuz ölkə ilə tarixi vətənimiz arasında ədalətli münasibəti tələb edirlər”.
Arzu Muradlı isə DTİHB-in Azərbaycanla əməkdaşlığının qurumun ikili standartları dayandıracağı halda məhsuldar olacağını xatırladıb. M. Valetski Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyini tarixi hadisə kimi dəyərləndirərək qadın hüquqları ilə bağlı nəşrlərini A. Muradlıya təqdim edib.
Ömər Fişer də çıxış edərək DTİHB-in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib, AAK-ın bu məsələdə fəal rol oynayacağına ümid edib.
S. Qasımov isə qurumun seçki ilə bağlı yekun rəyi hazırlanarkən Avropanın azərbaycanlı vətəndaşlarının narahatlığının nəzərə alınacağına və müsbət rəyin veriləcəyinə ümid etdiklərini bildirib. AAK adından ATƏT DTİHB-ə bəyanat da təqdim olunub.
Görüş qarşılıqlı müzakirələrlə davam edib.