Azərbaycan-Amerika Alyansı  Xocalı ilə bağlı tanıtım kampaniyasını davam edir
26 fevral 2013 15:09 (UTC +04:00)

Azərbaycan-Amerika Alyansı Xocalı ilə bağlı tanıtım kampaniyasını davam edir

“XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi” son günlərdə amerikalıların ən çox gördüyü elana çevrilib

 

ABŞ-nın müxtəlif şəhər və ştatlarında Xocalı tanıtım kampaniyası davam edir. Anar Məmmədovun təsis etdiyi Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə “XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında yüzlərlə məlumat Vaşinqtondakı “National Mall” və “Union Station”, Nyu-Yorkdakı “Washington” və “Times Square” –də işıqlandırılmaqdadır.  ətraf şəhərlərlə birlikdə əhalisinin sayı 20 milyona çatan Nyu-Yorkda bu səpkili kampaniyanın keçirilməsi və müəyyən mənada maraq doğurması seçilmiş təbliğat üsulunun düzgünlüyündən xəbər verir.

 

Alyansın təsisçisi Anar Məmmədov artıq ikinci ildir ki keçirilən kampaniyanın əhəmiyyətini vurğulayıb: “Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının ABŞ-da tanıtım kampaniyası bu il  ötən ildə olduğundan da geniş miqyas aldı. Məqsədimiz hamının anladığı, qəbul etdiyi tərzdə ölkəmizin həqiqətlərinin çatdırılmasıdır. Bir gecədə 600-dən çox günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi və bir kəndin bütövlükdə yerlə-yeksan edilməsi indiyə kimi  dünya tarixində yer alan ən böyük cinayətlərdən biridir. Bunu milli mənsubiyyətindən, sosial vəziyyətindən və yaşadığı ölkədən asılı olmayaraq hər kəs bilməli və tanımalıdır”. 

 

Kampaniya günlərində həm də Amerika ictimaiyyətinin, siyasətinin məşhur simaları konqresmen Den Börton, ABŞ-nın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza, Qara Dəniz proqramının rəhbəri Mamuka Tsereteli faciənin miqyasından danışıb.

Nyu-Yorkun Manhattan rayonunun həm coğrafi, həm də strateji baxımdan mərkəzi hesab olunan Tayms meydanı ən çox reklam, elan yerləşdirilən nöqtədir. Buradakı iri monitorlarda nümayiş olunan çoxsaylı və geniş səpkili reklamlar içərisində Xocalı həqiqətləri hər 15 saniyədən bir nümayiş olunurdu. Hər kəsi bu faciəni tanımağa dəvət edən reklam posteri sakinlərin diqqətini çox cəlb edib.

Mərkəzi küçələr, dayanacaqlar Nyu-Yorkda BMT qərargahı yanında həkk olunan posterlər sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsi bir anlıq da olsa faciənin dəhşətləri haqda düşünməyə dəvət edir.

Azərbaycan həqiqətlərinin, tarixinin, siyasətinin, mədəniyyətinin okeanın o tayında sadiq təbliğatçısına çevrilən Azərbaycan Amerika Alyansının reallaşdırdığı layihələr və keçirdiyi irimiqyaslı tədbirlərlə daha yaxından tanış olmaq üçün www.azerbaijanamericaallliance.org  səhifəsinə daxil ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar