Millət vəkili Avronest Parlament Assambleyasının komitəsinin məruzəsinə etiraz edib
Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Milli Məclisin deputatı Azay Quliyev Avronest Parlament Assambleyasının sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin “Şərqi Avropa ölkələrində yoxsulluq və sosial təcridlə mübarizəyə dair” məruzə layihəsinin müzakirəsində iştirak edib.
Lent.az-ın verdiyi məlumata görə, Azay Quliyev məruzəyə öz irad və təkliflərini bildirib.
Azay Quliyev məruzədə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada əhalinin 30%-inin milli yoxsulluq xəttindən aşağı həddə yaşaması barədə verilən məlumatı etirazla qarşılayıb. Azərbaycanda yoxsulluğun səviyyəsinin 6 faiz olduğunu söyləyən Azay Quliyev məruzə hazırlanarkən yoxsulluq səviyyəsi barədə dəqiq informasiyanın götürülməsini və hər tərəfdaş ölkədə əhalinin neçə faizinin yoxsulluq xəttindən aşağıda yaşadığını məruzəyə əlavə edilməsini təklif edib. Onun sözlərinə görə, bu, hədəfə alınmış problemi daha aydın təsvir etməyə köməklik etmiş olar. O, məruzədə göstərilən Şərq Tərəfdaşı ölkələrində qlobal maliyyə və iqtisadi böhran ilə yanaşı, bu ölkələrdə mövcud olan dondurulmuş və ya həll edilməmiş münaqişələrin yoxsulluğun və sosial təcridin ən başlıca səbəblərindən, məcburi köçkünlərin isə yoxsulluq və sosial təcriddən daha çox əziyyət çəkən qrup olduğunu qeyd edib və bunun məruzəyə əlavə edilməsinin vacibliyini vurğulayıb: “Bu münaqişələrin nəticəsində milyonlarla qaçqın və məcburi köçkünlər var və onlar öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.
Millət vəkili məruzədə sərhədlərin açılması barədə təklifə də toxunub: “Bəzi tərəfdaş ölkələr arasında sərhədlərin nə üçün bağlı olması sualına buz cavab tapmalıyıq. Bunun səbəbi nədir? Mən ümid edirəm ki, bizim hörmətli həmməruzəçilər bu sualın cavabını hər kəsdən daha yaxşı bilirlər. Buna səbəb odur ki, bir ölkə digər ölkənin önəmli ərazilərini işğal edib və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, hələ də hərbi qüvvələrini işğal edilmiş torpaqlardan geri çəkmək istəmir. Bunun nəticəsində milyonlarla insanın əsas hüquqları 20 ildir ki, pozulur. İndi siz nə təklif edirsiz? Azərbaycanla Ermənistanın sərhədlərinin açılmasını? Necə? Bizim Ermənistanla sərhədimiz yoxdur, bizim sadəcə təmas xəttimiz var. Əgər siz həqiqətən sərhədlərin açılmasını istəyirsinizsə, onda ilk öncə təmas xətlərini aradan qaldırmaq lazımdır. Bəs Ermənistan buna hazırdırmı? Mən buna əmin deyiləm. İndiki halda, bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları və BMT-nin təhlükəsizlik şurası və Avropa İttifaqı tərəfindən qəbul edilmiş qətnamələr əsasında həll olunmadan sərhədlərin açılması mümkünsüzdür”.
Azay Quliyev sonda “Avropa İttifaqını münaqişələr nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının bərpası üçün xüsusi proqram və layihələr həyata keçirilməsinə səylərini artırmağa”, habelə, “Şərq Tərəfdaşı ölkələrində kütləvi şəkildə və vəhşicəsinə hüquqları pozulmuş insanların sosial problemlərinin həll etmək, onların öz evlərinə geri dönmək və təhlükəsiz yaşamaq hüquqlarının təmin etmək, bununla da onları vətəndaş cəmiyyəti quruculuğunda iştiraka həvəsləndirməyə çağıran” yeni paraqrafların məruzəyə əlavə edilməsini təklif edib.