Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun APA-ya müsahibəsi
- “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununun müddəalarından tam istifadə edirsinizmi?
- Dəfələrlə demişəm ki, eks-prezidentlər haqqında qanunun qəbulunu Azərbaycanda demokratik dəyişikliklər prosesinin mühüm hadisəsi hesab edirəm. Bildiyim qədər, beynəlxalq demokratik institutlar da bu fikirdədirlər. Qanun hazırkı prezidentlərə bu postu tərk etdikdən sonra onların taleyinin necə olacağına baxmadan işləməyə imkan verir. Məlum hadisələr nəticəsində Vətəni tərk etməyə məcbur olduqda, mən tam şəkildə müdafiəsiz qalmışdım. Bəzən məni qınayırlar ki, prezident olduğum dövrdə eks-prezidentlər haqqında qanun qəbul etməmişəm. Əgər etsəydim, sonra iyirmi il yad ölkədə yaşamazdım. Lakin o vaxt bu məsələ ilə məşğul olmağa nə vaxtım vardı, nə də fəaliyyətə bu qanunun qəbulu ilə başlaya bilərdim. Hətta 2009-cu ildə keçirilmiş referendumda Konstitusiyaya məlum əlavələr edildikdən təxminən dörd il sonra müvafiq qanun qəbul olundu. Yəni, mənim işləyə bildiyim dövrdən iki dəfə artıq bir müddət keçdi. Prezident postunun yaranmasından isə 22 il keçir. Prezident İlham Əliyevin təşəbbüsü sayəsində bu qanunun qəbul olunması nəticəsində mən ölkəyə qayıtmaq imkanı qazandım.
- Bu qanunda daha hansı məqamların yer almasını görmək istərdiniz?
- Qanunda maddi təminat haqqında nəzərdə tutulmuş bütün müddəalarla kifayətlənirəm və qanuna əlavələr edilməsi haqqında təkliflər vermək niyyətində deyiləm. Mənim şəxsi məsələlər barədə müraciət etmək imkanım var və lazım olduqda bundan istifadə edəcəyəm.
- Həmin qanun qüvvəyə minənə qədər Baş Prokurorluq tərəfindən Sizə qarşı məlum ittihamlar irəli sürülürdü. Azərbaycana döndükdən sonra bu iş üzrə hüquq mühafizə orqanları tərəfindən Sizə hər hansı suallar ünvanlanıbmı?
- Prokurorluqdan heç kim mənə sualla müraciət etməyib.
- Bəzi keçmiş həmfikirləriniz Azərbaycana döndükdən sonra Sizin yenidən siyasi proseslərə qatılacağınızı düşünürdü. Lakin hələlik bu baş verməyib. Bundan sonra fəaliyyətinizi əsasən hansı istiqamətdə qurmaq niyyətindəsiniz?
- Mənim konkret planlarım yoxdur, çünki onlar məndən asılı deyil. Mən kommersiya ilə heç vaxt məşğul olmamışam ki, indi siyasi fəaliyyətə alternativ olaraq onunla məşğul olum. Dövlət xidməti ilə də məşğul ola bilmirəm, çünki təklif almamışam. Sadəcə xatirələrim üzərində işləmək qalır.
- Azərbaycanda prezident seçkiləri yaxınlaşır. Sizin bu seçkilərdə iştirakınız hansı formatda ola bilər?
- Mən ölkə vətəndaşı kimi səsvermədə iştirak edəcəyəm.
- Müsavat partiyasının, AXCP-nin, daha geniş digər bir neçə partiyanın funksioner səviyyəsində təmsil olunduğu İctimai Palatanın seçkilərdəki imkanlarını necə qiymətləndirirsiniz?
- Sadalanan siyasi təşkilatların heç biri ayrı-ayrılıqda kifayət qədər səs toplaya bilməz. Bu, ötən seçkilərin təcrübəsində dəfələrlə təsdiqlənib.
- Bəzi müxalifət yönümlü media orqanları, onlara yaxın siyasi şərhçilər vaxtilə Sizə qarşı müxalif mövqedə olan qüvvələrə qarşı təbliğat kompaniyasında yer alacağınızı söyləyirlər...
- Mən qeyd etdiyiniz kampaniyada iştirak etmək niyyətində deyiləm və heç bilmirəm ki, belə uydurmaları kim yayır. Hər hansı bir siyasi təşkilatı təmsil etmirəm ki, bu məsələlərlə məşğul olum. Müxalifətə münasibətə dair düşüncələrimin hamısı tarixə aiddir. Müsahibələrimdə onlar haqqında danışanda, mən 20 il əvvəl baş vermiş hadisələr barədə öz həqiqətlərimi insanlara çatdırmaq niyyətində olmuşam. Bütün bu illər ərzində onlar mənim malik olduğum mövqeyə hakimiyyətə gəlmək niyyətinə hələ də çata bilməyiblər.
- Son vaxtlar Rusiya amilinin ölkədə gedən siyasi proseslərə təsiri haqqında çox danışılır. Sizcə, Rusiya Azərbaycan Təşkilatları İttifaqının ölkə siyasətinə və ya burada hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq addımlar atmaq imkanı nə dərəcədədir?
- Rusiya Azərbaycanla qonşuluq münasibətlərində maraqlıdır. Rusiya üçün həmsərhəd olan və keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olan hər bir ölkə münasibət prioritet təşkil edir. İstənilən digər bir ölkə də sərhədləri ətrafında öz təhlükəsizlik maraqlarını əldə rəhbər tutar və qonşularında baş verənlərə biganə qalmaz. Bu həmişə belə olub və nə qədər ki, bu qonşuluq var, belə də olacaq. Digər dövlətlər onun təsir dairəsinə təcavüz etdikdə, Rusiya laqeyd qala bilmir və bu da onun milli mənafeyi ilə izah olunur. Ona görə də, şəxsən mən Rusiyanın bizim işlərə maraq göstərməsində təəccüblü heç nə görmürəm. Rusiyanın Azərbaycanda keçiriləcək prezident seçkilərinə müdaxilə etməsinə gəldikdə, bunu istisna edirəm. Bütün illər ərzində Rusiyadan olan müşahidəçilər Azərbaycanda seçki proseduralarının uğurlu olduğunu təsdiq ediblər.
- Yazıçı Əkrəm Əylislinin "Daş Yuxular" əsərini oxumusunuzmu? Fikirlərinizi bilmək maraqlı olardı.
- Yox, bu kitabı oxumamışam.