Avropa İttifaqı Azərbaycanı təbrik etdi
17 dekabr 2012 17:10 (UTC +04:00)

Avropa İttifaqı Azərbaycanı təbrik etdi

0

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib

 

Dekabrın 17-də Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

 

Rotasiya prinsipi üzrə iclasa sədrlik edən Avropa İttifaqını hazırkı Avropa İttifaqı Sədrliyi tərəfindən Kipr Respublikasının xarici işlər naziri xanım Erato Kozaku-Markulis və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil ediblər. Görüşün başlanğıcında Avropa İttifaqı tərəfi Azərbaycanı 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı münasibətilə təbrik edib. Bu xüsusda ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanmış və bu kimi nailiyyətlərin Azərbaycanı dünyaya tərənnüm etmək üçün yaxşı imkan olduğu Aİ tərəfindən bildirilib.

 

 

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Avropa İttifaqı tərəfinə geniş məlumat vermiş, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Avropa İttifaqı - Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini və münaqişənin nizamlanması ilə bağlı Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini vurğulayıb. Danışıqlar çərçivəsində Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcək əməkdaşlıq müzakirə olunub, mövcud əməkdaşlığın Avropa İttifaqı standartlarının Azərbaycanın inkişafı üçün xidmət edəcəyi bildirilib. Bu xüsusda Avronest Parlament Assambleyasının 2-ci Sessiyasının bu ilin 3-4 aprel tarixlərində Bakıda yüksək səviyyədə keçirildiyi nəzərə çatdırılıb. Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlayıb və müzakirələrin davam etdirilməsini əhəmiyyətli sayıblar. Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlərə dair danışıqların davam etdiyi və bu danışıqların qısa müddət ərzində tamamlanmasına ümid ifadə olunub.

 

 

Eyni zamanda Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bununla bağlı Aİ nümayəndələri Avropanın enerji təminatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğu, Cənubi Qaz Dəhlizinin reallaşdırılmasında TANAP layihəsinin müstəsna əhəmiyyəti və ölkəmizin aparıcı rolunu xüsusilə vurğulayıblar. Nəqliyyat sahəsinə gəldikdə, Azərbaycanın inkişaf etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun nəinki Cənubi Qafqaz üçün, habelə Mərkəzi Asiya, Əfqanıstan, Qara və Aralıq dənizləri və Xəzəryanı ölkələri üçün strateji əhəmiyyət kəsb edəcəyi bildirilib.

 

Rəsmi iclasdan öncə birgə işçi səhər yeməyi təşkil edilib. Səhər yeməyi zamanı Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 705

Oxşar yazılar