Avropa Azərbaycan Cəmiyyəti “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbirlər keçirəcək
14 fevral 2015 14:35 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyəti “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbirlər keçirəcək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tariximizin qanlı səhifələrindən olan bu soyqırımın 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirməyi planlaşdırır.

 

Cəmiyyətdən APA-ya verilən məlumata görə, TEAS-ın təşkilatçılığı ilə fevralın 16-dan 24-ə kimi London, Dublin, Berlin, Brüssel, Paris, Strasburq, Lüksemburq, Bern, Roma, Vilnüs, İstanbul və Ankara şəhərlərində “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filminin nümayişi, “Khojaly Witness of a war crime - Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı, həmçinin xocalılıların xatirəsinə həsr olunan anım konserti də təşkil ediləcək.

 

Xatırladaq ki, “Endless Corridor” sənədli filminin prodüseri litvalı Aleksandr A. Brokasdır. Filmin premyerası ötən ilin iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. 1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib. Qeyd edək ki, həmin film üzərində 5 ilə yaxın çalışan A.Brokas  regiondakı vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib. İngilis dilində çəkilən film, TEAS tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində, eləcə də Azərbaycan, türk, fransız, italyan, ispan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

 

“Khojaly Witness of a war crime - Armenia in the Dock” adlı kitab ingilis dilində Londonun “İTHACA PRESS” nəşriyyatında çap edilib. Kitab rus və türk dillərinə də tərcümə edilib. Hazırda kitabın ispan və fransız dillərində olacaq nəşri üzərində iş aparılır.

 

Sözügedən kitab 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalıqətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış  şahid ifadələrinin ilk toplusudur.

 

Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki) hesabatları topluda tam şəkildə çap olunub.

 

Xarici foto müxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, Devid Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir foto şəkillər də kitabda xüsusi yer tutur.

 

Qeyd edək ki, yuxarıda qeyd edilən tarixlərdə Avropa şəhərlərində  keçəcək tədbirlərə millət vəkilləri, siyasətçilər, diplomatlar, ictimaiyyət nümayəndələri və jurnalistlər dəvət olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar