Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər.
Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, həmməruzəçilər yanvarın 22-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər.
Görüşdə V. Talıbov Azərbaycanın 2001-ci ildən AŞ-nin üzvü olduğunu xatırladaraq, ötən illər ərzində AŞ ilə sıx əməkdaşlıq qurulduğunu, qarşıya qoyulan öhdəliklərin yerinə yetirildiyini bildirib. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan MR-lə də AŞ arasında əlaqələrin mövcud olduğunu bildirən Ali Məclis sədri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırıb.
V. Talıbov MR-də AŞ qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini də bildirib.
Öz növbəsində, həmməruzəçilər Naxçıvana ilk dəfə səfər etdiklərini diqqətə çatdırıblar. Səfər çərçivəsində MR-də bir sıra görüşlər keçirəcəklərini bildirən qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.