Millət vəkili Qənirə Paşayeva Adana Böyük Şəhər bələdiyyə başqanı Hüseyn Sözlü ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Adananın mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı soyqırımı abidəsinin qoyulacağına və Adana Böyük Şəhər Bələdiyyəsinin Xocalı soyqırımını tanıyacağına inandığını deyib.
Azərbaycanı Türkiyə qədər sevdiyini deyən Hüseyn Sözlü Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq Adana bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, eyni zamanda Adanadan birbaşa Bakıya təyyarə reysinin açılması istiqamətində çalışacaqlarını da deyib və bunun böyük əhəmiyyətini xüsusi vurğulayıb. "Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır" deyən bvələdiyyə sədri "hər zaman qardaş Azərbaycanın yanındayıq" deyib. Görüşdə iştirak edən və Adanada yaşayan Azərbaycanın sənətçisi Cahangir Novruzov artıq abidənin layihəsinin hazır olduğunu da söyləyib. Sonra Xocalı soyqırımı abidəsinin layihəsinə baxılıb. Millət vəkili belə bir abidənin Xocalı soyqırımını özündə əks etdirə biləcəyini deyib. Bələdiyyə başçısı yaxın zamanlarda Adanada abidənin qoyulacağını deyib.