ABŞ-ın Bakıdakı Səfirliyi dekabrın 27-dən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyinetmə prosedurlarını həyata keçirəcək. Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmazdan əvvəl rüsumu ödəyəcəklər.
Bildirilir ki, hazırda ABŞ-ın Bakıdakı Səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı ABŞ Səfirliyində ödəyirlər. Cümə axşamı, 27 dekabrdan sonra viza ərizəçiləri internet vasitəsi ilə DS-160 viza ərizə formasını doldurub viza müsahibəsinə yazılmalıdırlar.
Ərizəçilər viza üçün müraciət rüsumunun ödənişinə görüş təyin edilən zaman hazır olmalıdırlar. Ödənişlər kredit kartı ilə və ya Azərbaycanda təyin edilmiş bankda nəğd ödənilə bilər. Bu yeni prosedurlar haqqında məlumat gələn həftə açıqlanacaq.
Bu yeni görüş və ödəmə sistemi ABŞ-ın Bakıdakı Səfirliyindəki bütün əvvəlki gün təyin etmə sistemlərini əvəz edəcək və bu bütün ərizəçilərə – rezidentlərə və qeyri-rezidentlərə tətbiq ediləcək.
Dekabrın 27-dən etibarən, ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr cümə axşamı, 3 yanvar 2013-cü ildən başlayacaq.
ABŞ Səfirliyinin konsulluq şöbəsi həmin vaxtdan 3 yanvaradək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.
Yeni viza müraciət və gün təyin etmə prosedurları həyata keçirildikdən sonra, təcili viza üçün görüş müraciətləri ayrı-ayrılıqda nəzərdən keçiriləcək.