Vaşinqtonda yerləşən Atlantika Şurasında Azərbaycanın enerji siyasəti və Qərb üçün əhəmiyyəti müzakirə olunub. Lent.az-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Marik String deyib ki, Azərbaycan malik olduğu enerji qaynaqlarından Qərblə əlaqələrini gücləndirmək strategiyası həyata keçirir.
Marik String bildirib ki, Azərbaycan təbii qaz ehtiyatlarını bölgədə çox rahatlıqla sata bilər: “Türkiyə Azərbaycanın bütün qazını sevinclə alar. Ancaq Azərbaycan Avropaya qaz satmaq qərarındadır. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Avropaya gələcəkdə “Nabucco” xətti ilə qaz ixrac olunmasını dəstəkləyir. Çünki ABŞ-ın Orta Avropadakı müttəfiqlərinin çoxu Rusiyanın “Qazprom” şirkətindən qaz alır, “Nabucco” sayəsində bu ölkələr alternativ qaynaq əldə edəcək. ABŞ-ın Avropadakı bir çox müttəfiqi yaxın illərdə “Qazprom”-la müqavilələrini başa çatdıracaq. “Nabucco” boru xətti bu ölkələrə indiyə qədər görünməmiş səviyyədə üstünlük qazandıracaq”.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin digər üzvü Neil Bron isə bildirib ki, Azərbaycan davamlı olaraq, Qərbə enerji resursları ixrac etmək istəyirsə, qonşuları ilə münasibətləri yaxşılaşdırmalıdır: “BP və ortaqları tərəfindən qoyulan sərmayə ilə Azərbaycan Orta Asiyanı Avropaya bağlaya biləcək bir mövqeyə sahib ola bilər. Bunun üçün Azərbaycan Türkmənistanla əlaqələrini yaxşılaşdırmalı, Türkmənistanın Avropa bazarına çıxmasına yardımçı olmalıdır. İki ölkə arasında münasibətlərin yaxşılaşması TransXəzər Qaz Boru Kəməri layihəsinin həyata keçirilməsinə yol açacaq. Bu xəttin çəkilməsi üçün Azərbaycanın türkmən qazının nəqlinə razılıq verməsi də önəmlidir”.