Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb
15 dekabr 2013 22:36 (UTC +04:00)

Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb

İrandakı azərbaycanlı fəallardan olan Abbas Lisani məhkəməyə çağırılıb.

 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, dekabrın 15-də azərbaycanlı fəala zəng edilib və dekabrın 16-da Ərdəbil İnqilab Məhkəməsinə gəlməli olduğu bildirilib. Məlumata görə, zəng edilərkən bu çağırışın istintaq üçün deyil, Ərdəbil İnqilab Məhkəməsinə yeni təyin olunmuş rəisin azərbaycanlı fəalla görüşmək istəyi ilə bağlı olduğu bildirilib. A. Lisani isə məhkəmədən rəsmi çağırış vərəqəsi aldıqdan sonra gedə biləcəyini söyləyib.

 

Qeyd edək ki, A.Lisani indiyədək dəfələrlə Ərdəbil İnqilab Məhkəməsinə ifadə verməyə çağırılıb. Azərbaycanlı fəal barəsində iki təhqiqat işi açılıb. A.Lisani yazdığı bir məqaləsi əsasında İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Bundan əlavə, ona hökumət əleyhinə “Çənlibel” adlı qurum yaratmaq, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAz TV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölunun qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb.

 

Xatırladaq ki, A.Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib. Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A.Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar