Qənirə Paşayeva: “Şəhidlər Xiyabanında Xocalıya aid abidə qoyulmalıdır”
29 noyabr 2016 15:04 (UTC +04:00)

Qənirə Paşayeva: “Şəhidlər Xiyabanında Xocalıya aid abidə qoyulmalıdır”

 

Milli Məclisdə çıxış edən millət vəkili Qənirə Paşayeva Şəhidlər Xiyabanında da Xocalıya aid monument, abidə və məlumat lövhəsinin qoyulmasını təklif edib.

 

Lent.az-ın  məlumatına görə, millət vəkili bildirib ki, belə abidə və məlumat lövhəsinin Şəhidlər Xiyabanına qoyulması çox vacib məsələdir: “Belə ki, ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş və bu barədə daha da geniş məlumatlar almış olacaqlar”.

 

Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər etdiyini xatırladan millət vəkili bildirib ki, Azərbaycan üçün həmin şəxslər arzuolunmaz sayılır: "Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər.  Belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə bu mesajı vermiş oluruq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar