. İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəylinin APA-ya müsahibəsi
- Müxalifətin, ümumən isə təmsil olunduğunuz İctimai Palatanın 2013-cü ildə keçiriləcək prezident seçkisinə hazırlığını necə dəyərləndirirsiniz?
- İctimai Palata Azərbaycanda son illərdə yaradılan və müxalifətin çoxluğunu təmin edən birlikdir. İP parlament seçkiləri ilə bağlı yaradılıb və fəaliyyətini uğurlu hesab edirəm. Məncə, İP-in bundan sonrakı fəaliyyəti də uğurla müşayiət oluna bilər. Bu da həmin qurumda təmsil olunan şəxslərdən asılıdır.
- Müxalifət düşərgəsində seçkiyə hazırlığa dair müxtəlif təkliflər və layihələr irəli sürülür. Siz müxalifətin seçkidə iştirakını hansı formatda görmək istərdiniz?
- Format yaratmaqdan öncə müxalifət təşkilatları seçkidə iştirak edib-etməməklə bağlı mövqelərini konkretləşdirməlidir. Bundan sonra format haqda düşünmək olar. Ən yaxşı format İP, o cümlədən Ziyalılar Forumudur. Ölkənin tanınmış ictimai-siyasi xadimlərinin əksərinin bu qurumda təmsil olunması, məncə mübahisə mövzusu deyil. Ziyalılar Forumu ilə isə əməkdaşlığımız müsbət tendensiyalarla davam edir. Onu da deyim ki, bütün bunlara baxmayaraq, İP seçkilərə yeni islahat formatında getməlidir. Artıq bir müddətdir bununla bağlı müzakirələr gedir. Bu günə qədər İP-in Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Pənah Hüseyn və Zəfər Quliyev tərəfindən ayrı-ayrılıqda təkliflər paketi təqdim olunub. Bu təkliflərdə İP-in seçki ilə bağlı strategiyası göstərilir. Hələlik isə İP-də seçki ilə bağlı konsensus axtarılır. İnanıram ki, bu konsensus alınacaq və İP daha geniş formatda, yəni İP-dən kənarda qalan təşkilatların da iştirakı ilə razılığa gələ biləcəyik. İctimai Palata prezident seçkilərində iştirak etməlidir. Buna görə də İP-in özündə aşağıdan yuxarıya qədər islahatlara başlanılmalıdır. Vahid komanda, qərargah və komissiya formatında seçkiyə getməliyik. Düşünürəm ki, məhz sadaladığım bu məqamlarla bağlı razılığa gələ biləcəyik.
- Siz müzakirə mövzusu olan əsas yoxsa, vahid namizəd anlayışının tərəfdarısınız?
- Bu gün hər iki terminin açıqlanmasının, gündəmə gətirilməsinin tərəfdarı deyiləm. Çünki əvvəlcə seçkiyə gedəcək adamlar müəyyənləşməlidir. Müxalifətin böyük çoxluğunun dəstəkləyəcəyi namizəd isə bu adamların arasından seçilməlidir. Yəni seçkidə iştirak etmək istəyən şəxslər öz aralarında bu məsələni müzakirə etməli, güzəşt imkanlarını müəyyənləşdirməlidirlər. Bütün bunlar bəlli olmadan vahid və ya əsas namizəd fikrinin gündəmə çıxarılmasını zərərli hesab edirəm. Əvvəlcə İP seçki ilə bağlı qərarını verməlidir. Bundan sonra İP-də islahatlara start vermək lazımdır. Daha sonra müxalifətin böyük əksəriyyətinin dəstəkləyəcəyi namizəd haqda danışmaq olar. Doğrudur, bəziləri seçkiyə qatılmaq niyyətlərini bu və ya digər formada açıqlayıblar. Lakin bu məsələdə rəsmi qərar olmalıdır.
- Müxalifətin böyük çoxluğu dedikdə, hansı qurumları nəzərdə tutursunuz?
- Əslində, reallıq budur ki, hazırda İctimai Palata, Ziyalılar Forumu və daha bir neçə partiya və gənclər təşkilatlarını çıxmaqla ölkədə ciddi müxalifət qurumu yoxdur. Yəni görünən təşkilatların arasından vahid mövqeyə gələ bilərlər. Seçkidə iştirakla bağlı İctimai Palata qərar verməlidir ki, siyasi aktivlik dövrü başlasın. Belə olmasa, ancaq daxili müzakirələrə vaxt ayırsaq, zaman bizim ziyanımıza işləyəcək.
- İctimai Palatanın seçkidə iştirak edib-etməməsi ilə bağlı qərar verməsinə mane olan nədir?
- Hazırda bununla bağlı İctimai Palata daxilində, daha doğrusu Koordinasiya Şurasında gərgin müzakirələr gedir. Koordinasiya Şurasına bir qisim seçki mühitini yaxşılaşdırılmasına nail olunduqdan sonra seçkiyə getmənin, digər hissəsi isə seçkiyə gedərək mühiti dəyişməyin lazım olduğunu bildirir. Biz də çalışırıq ki, bir-birinə yaxın olan fikirləri uzlaşdıraq.
- Sizin bu müzakirələrdə mövqeyiniz necədir?
- Mən seçkidə iştirakın tərəfdarıyam və təkliflərim də bu istiqamətdə olub. Xalqın fəallaşması seçkidə iştirakdan keçir. Seçkiyə getmədən, vətəndaşları necə aktivləşdirə bilərik? Mən başqa cür mühitin demokratikləşməsini görmürəm. Mənimlə həmrəy olan dostlarımız da az deyil. Onu da deyim ki, mən bu günə qədər heç bir partiyanın üzvü olmamışam. Lider olaraq isə Əbülfəz Elçibəyi hesab edirəm. Onun yolunu davam etdirməyə çalışıram.
- İsa Qəmbər də, Əli Kərimli də seçkidə iştirak niyyətini bu və ya digər şəkildə açıqlayıb. Bu İctimai Palatanın parçalanmasına təkan verə bilərmi?
- Belə fikrə düşmək normaldır və bu istəkdə olan dostlarımın mövqeyinə hörmətlə yanaşıram. Amma namizədin ancaq İctimai Palatadan olması fikri ilə razı deyiləm. Müxalifətin böyük hissəsinin dəstəkləyəcəyi namizəd, İctimai Palatadan kənarda olan bitərəf ziyalılardan da ola bilər. Bitərəf ziyalılardan da namizəd irəli sürülə bilər. Düşünürəm ki, sonda ən şanslı namizədi müdafiə edəcəyik. Bu isə o zaman bilinir ki, namizəd olduğunu açıqlayasan, komandanı təqdim edəsən. Bundan sonra isə kimin güclü, kimin zəif olduğu görünəcək. Digər tərəfdən, müxalifətin Qırğızıstan variantına da üstünlük verməsi bəyənilən təkliflərdəndir. Yəni bitərəf, lakin nüfuzlu şəxslərdən birinin namizədliyi dəstəklənər. Əgər qalıb gələrsə, iki ildən sonra təkrar seçki keçirilər.