“Gələcəkdə ordumuza nə qədər silah-sursat lazımdırsa, Azərbaycanda o qədər də istehsal olunacaq və idxal ediləcək. Bizim torpaqlarımız işğal altındadır. Aprel döyüşləri onu göstərdi ki, bu işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Burada da üzbəüz mövqelərimiz arasında bir neçə yüz metr məsafə var, ondan da az. May ayında Tərtər rayonunda olarkən mənim durduğum yerdən erməni hərbi mövqelərinə əlli, altmış metr məsafə var idi. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib.
Prezident İlham Əliyev cəbhəyanı bölgədə yaşayan insanların böyük hörmətə layiq olduqlarını qeyd edib: “Siz döyüş bölgəsində, düşmənlə üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız, uşaqlar böyüdürsünüz. Mən sizə minnətdaram. Sizi salamlayıram, sizə yeni uğurlar arzulayıram”.