<b>Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi seçildi</b>
11 oktyabr 2016 21:05 (UTC +04:00)

Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti payız sessiyası çərçivəsində qurumun bugünkü plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, bu gün səhər saatlarından başlayıb gün ərzində davam edən seçkilərdə Assambleya üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə layiq görüblər. Səsvermələrdə qalib gəlmiş Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplaya biliblər. Ümumilikdə keçirilmiş seçkilərdə 203 parlamentar iştirak edib, onlardan cəmi 25-i bitərəf qalıb.

 

Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən, Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

 

Hüquq üzrə elmlər doktoru Lətif Hüseynov 1964-ci ilin  fevralın 1-də Azərbaycanın Ağdam şəhərində anadan olub. O, uzun illər Azərbaycanın ali təhsil ocaqlarında, Elmlər Akademiyasında hüquq elmləri üzrə professor kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Lətif Hüseynov eyni zamanda, Avropa Şurası (AŞ) və BMT qurumlarında təmsil olunub və mühüm vəzifələr tutub. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004-2015-ci illər arasında AŞ-nın İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib.

 

Xatırladaq ki, AŞPA-nın AHİM-nə Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-30-da Parisdə keçirilmiş iclasında Azərbaycan hökumətinin göndərdiyi üç nəfərdən ibarət namizədlər siyahısı qəbul olunmuş və AŞPA-ya göndərilmişdi. Komitə hər üç namizədlə apardığı dinləmələrdən sonra Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə ən uyğun namizəd kimi tövsiyə etmişdi.

 

Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

 

2003-cü ilin aprel ayının 2-dən AİHM-nin Azərbaycan üzrə hakimi vəzifəsini Xanlar Hacıyev icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar