"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 3 prinsip və 6 element..."
18 fevral 2015 14:00 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 3 prinsip və 6 element..."

“Hazırda əsas məqsədlərimizdən biri prezidentləri yenidən bir masa arxasına gətirməyin yollarını axtarmaqdır”.  

 

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “Mediamaks” agentliyinə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bunu həm Ermənistan, həm də Azərbaycan prezidentləri istəyirlər: “Mən Azərbaycan prezidenti İlham Əliyevlə söhbət edərkən, o bildirdi ki,Serj Sarkisyanla görüşmək imkanını dəstəkləyəcək. Lakin prezidentlərin görüşü nə qədər yaxşı keçsə də, bu, kifayət deyil. Yəqin siz də gözləmirsiniz ki, 20 ildən artıqdır davam edən münaqişə iki ölkə prezidentinin mütəmadi görüşləri sayəsində həll olunsun, hətta bu görüşlər ideal keçsə belə. Biz istəyirik ki, real danışıqlar aparılsın, proses intensivləşsin. Qərar tək prezidentlərdən asılı deyil. Gəlin tərəfləri müzakirə üçün bir araya gətirək. Biz asan məsələlərdən başlaya bilərik. Ola bilər ki, ilk olaraq yüksək səviyyədə həlli tələb olunan status, dəhliz və ya digər çətin mövzulardan başlamayaq. Lakin digər məsələləri müzakirə edə bilərik. Bunlar telekommunikasiya, infrastruktur və s. ola bilər”.

 

Diplomat bildirib ki, yaxın gələcəkdə yüksək səviyyədə görüş keçirilə bilər: “Azərbaycan prezidenti buna hazırdır. Ancaq bizə görüş naminə görüş lazım deyil. Biz buna hazırlaşmalıyıq. Vasitəçilərin rolu ondan ibarətdir ki, prezidentlərin müzakirə edə biləcəyi məsələlər paketini hazırlasınlar. Tərəflər bir-birinə çox yaxındır. Hər iki tərəf münaqişənin həlli üçün 3 prinsip və 6 elementin tətbiqini əsas hesab edir. Təbii ki, bəzi detallar var ki, biz onların üzərində işimizi davam etdiririk. Ancaq reallıqda heç bir fikir ayrılığı yoxdur”.

 

C. Uorlikin sözlərinə görə, davamlı sülhə nail olmaq üçün hər iki ölkənin vətəndaşları arasında etimad mühitinin yaradılmasına nail olmaq lazımdır: “Biz Azərbaycan və Ermənistan xalqları arasında əlaqələri dəstəkləyirik. Ümid edirik ki, erməni idmançılar Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak edəcəklər. Bu cür ünsiyyət faydalıdır”.  

 

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərə toxunan C. Uorlik separatçı rejimlə mütəmadi danışıqları dəstəklədiklərini bildirib: “Biz Dağlıq Qarabağa səfərlər edirik və bunu gələcəkdə də edəcəyik. Biz onların fikirlərini, yanaşmalarını eşitmək istəyirik. Tək de-fakto rəhbərliklə görüşlər vacib deyil. Mən əvvəlki səfərlərimdə orada gənc insanlarla, ailələrlə görüşdüm. İnsanlar, xüsusilə münaqişənin həllinin birbaşa əlaqəsi olduğu qruplar nizamlanmanın əsas elementləri ilə tanış olmalıdır”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar