Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın məlumatına görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir. O bildirib ki, bununla əlaqədar beynəlxalq konfransa “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan da dəvət edilib.
Daha sonra beynəlxalq konfrans çərçivəsində “Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə əlverişli zəmin kimi” mövzusunda panel başlayıb. Panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda hazırkı hadisələr bu ölkədə siyasətin sabit olmadığını göstərir: “Ona görə də vətəndaş cəmiyyətinin bu görüşü müzakirələrə böyük töhfə verəcək”.
Vahe Avetyan çıxışında bir həftədir Azərbaycanda olduğunu söyləyib: “Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən bura həm yazısı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm, Xocalıabidəsini ziyarət etmişəm. Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm. Bu forumun nəticəsində siyasətçilər, QHT rəhbərləri, fəallar bir qərara gələ bilərlər. Mənim burada uzun illərdir ki, dostluq etdiyim şəxslər var. Bu məsələni biz həll edə bilərik, çünki indiki gənclərdə qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim sonuncu səfərim olmayacaq. Mən Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim. Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var”.
Azadlıqdan Məhrumetmə Yerlərinin Monitorinqi İctimai Birliyinin sədri Kamil Səlimov Azərbaycanın ədalətsizliyə məruz qaldığını, torpaqlarının işğal olunduğunu xatırladıb: “Qafqazda problemlər həll edilməyəndə bir ağsaqqal çağırılır. İndiki halda ağsaqqal BMT Təhlükəsizlik Şurasıdır. BMTTəhlükəsizlik Şurasının işğal olunmuş torpaqların azad edilməsi barədə qətnamələrinə riayət edilməlidir. Azərbaycan daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi mümkündür”.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ilk mərhələdə azad edilməsini zəruri sayan K. Səlimovun fikrincə, sülhün əldə edilməsində vətəndaş cəmiyyətinin rolu çox mühümdür.
Moderator R. Hüseynov Azərbaycanın münaqişənin həllində maraqlı olduğunu vurğulayıb: “25 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ortaq bir mövqeyə gəlməyiblər”.
Bununla da birinci panel başa çatıb.