"ATƏT Azərbaycanla əməkdaşlığı gücləndirməyin yollarını axtarmaqda qərarlıdır. Bura ATƏT-in Bakıda ofisinin yenidən fəaliyyətə başlaması da daxildir".
Bu barədə ATƏT-in mətbuat xidmətindən APA-ya ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpa olunmasının mümkünlüyü ilə bağlı verilən açıqlamada bildirilib.
Mətbuat xidmətindən onu da qeyd ediblər ki, bununla belə, ofisin fəaliyyət göstərməsi ilə bağlı qərar Azərbaycan, həmçinin ATƏT-ə üzv olan bütün ölkələr tərəfindən dəstəklənməlidir.
Qeyd edək ki, ATƏT Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddəti isə 31 may 2015-ci il tarixində başa çatıb, bununla da, fəaliyyət dayanıb.