IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olub
23 sentyabr 2015 16:12 (UTC +04:00)

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olub

0

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə bu gün birinci iclası olub.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, iclasda çıxış edən Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib. İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən prezident İlham Əliyev bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayaraq  Oyunların Təşkilat Komitəsinə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirib.

 

 “Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”, - deyən Prezident İlham Əliyev Oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Prezident  bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkəmizin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular.

Prezident İlham Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük nüfuza malik “Formula-1” yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırıb.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcəyi  və Azərbaycan xalqının etimadını doğruldacağına əminliyini ifadə edib. Bu tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğuladı ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Mehriban Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacağını söyləyib. 2013-cü ilin iyul ayında Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən tarixi qərarı xatırladan Mehriban Əliyeva ilkin hazırlıq işləri haqqında məlumat verib.

Təşkilat Komitəsinin sədri bildirib ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırıb.

Mehriban Əliyeva bildirib ki, qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya gələcək idmançıların, qonaqların yerləşdirilməsi üçün otellərin sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin olmadığını deyən Mehriban Əliyeva təxminən 10 minə yaxın gəncin könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.

Gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə bütün imkanların olduğunu diqqətə çatdırıb.

İclasa yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirib. Oyunlar zamanı geniş mədəni proqramların keçirilməsinin önəmini vurğulayan prezident qonaqlara zəngin və qədim mədəniyyətimizin təqdim olunmasının vacibliyini də bildirdi.

Sonda Prezident İlham Əliyev qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar