“Fransa Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır. Biz prezidentlərin Paris görüşündən və göstərilən səylərdən sonra vəziyyətin pisləşməməsi üçün əlimizdən gələni əsirgəmirik”.
APA-nın məlumatına görə, bunu “Armenpress”ə müsahibəsində Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye deyib.
O bildirib ki, nizamlanma prosesinə şəxsən Fransa prezidenti Fransua Olland cəlb olunub.
“Əminik ki, razılaşdırılmış qərarlar və qlobal saziş kontekstində 3 əsas Madrid prinsipinə əməl olunmalıdır. Status-kvo qəbuledilməzdir”, - deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri problemin nizamlanması yollarını yalnız münaqişə tərəfləri və regionda marağı olan digər dövlətlərin nümayəndələri ilə görüşlərin nəticəsi kimi görürlər: “Rusiya və ABŞ-la birlikdə vasitəçilik missiyamızı davam etdiririk. Lakin Ermənistan prezidenti Serj Sarkisyanın Avronest sammitində bəyan etdiyi kimi münaqişənin həllinin açarı İrəvan və Bakıdadır. Biz yalnız vasitəçiyik”.