“Ermənistanı böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər” 
12 mart 2015 12:09 (UTC +04:00)

“Ermənistanı böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər” 

 

 

ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Eduard Nalbəndyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb”. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

İclasda Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin üzvü çıxış edərək bu xüsusi toplantının üzv dövlətlərin zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlı artan narahatlıqlarını Ermənistan tərəfinin anlaması üçün imkan yarada biləcəyini deyib: “Azərbaycan münaqişənin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan bir platforma rolunu oynaya bilər. Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır. Prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsi təmin edilməlidir. Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad olunmalıdır. Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə “fait accompli” yanaşma cəhdinin daha bir bariz nümunəsidir”.

 

Çıxışda qeyd olunub ki,  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin mövcudluğu həm danışıqlarda irəliləyişə nail olunması, həm də münaqişə zonasında etimadın yaradılmasına ən ciddi maneə olaraq qalır. Bu, cəbhə xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca artan insident və sistemli atışmaların yeganə səbəbidir: “Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişə tərəfləri arasında etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək və danışıqlar prosesində yeni imkanlar yaradacaq. Münaqişə zonasının hərbsizləşdirilməsindən sonra etimadın yaradılması, münaqişədən zərər görmüş ərazilərin reabilitasiyası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün zəruri şərait yaranacaq. Təbii ki, münaqişədən əziyyət çəkmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında dialoqun bərpasına nə qədər tez başlasaq, hər iki icmanın birgə dinc yanaşı yaşaması üçün şanslar bir o qədər tez yaranar. Ermənistanın mövcud status kvoya arxayın olması tarixi səhvdir. Ermənistanın onilliklər boyu davam edən siyasəti bu ölkəni regional inkişafdan məhrum edir. Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik. ATƏT-in bütün üzv dövlətləri Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmağa və böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər”. 

 

 

 

 

# 142
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08