“Erməni məni Əkrəm Əylisliylə susdurmaq istədi” - MÜSAHİBƏ
17 aprel 2013 23:12 (UTC +04:00)

“Erməni məni Əkrəm Əylisliylə susdurmaq istədi” - MÜSAHİBƏ

“Avronest” Parlament Assambleyasının (PA)  Bürosunun bu gün Strasburqda keçirilən iclasında Azərbaycan və Ermənistan təmsilçiləri arasında mübahisə olub. İclasda Azərbaycanı təmsil edən millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibə verib.

 

- “Avronest” PA-nın bu iclasında nə müzakirə olunurdu?

 

- İclas növbəti sessiyanın vaxtının və gündəliyinin müəyyən olunmasına həsr edilmişdi. Siyasi və sosial komitələr tərəfindən hazirlanmış hesabatın müzakirəsi keçirilirdi. Məruzə “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələrdəki ictimai-siyasi, həmçinin sosial-iqtisadi durumla bağlı vəziyyətin dəyərləndirməsinə həsr olunmuşdu. Müzakirələr zamanı mən də çıxış edib, məruzəyə müəyyən təkliflərimi söylədim.

 

- Əsas təklifləriniz nədən ibarət idi?

 

-Mərizədə “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdəki münaqişələr  və təhlükəsizlik haqqında qeyd olunub. Məruzənin məhz bu hissəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, Avropa Şurası və Avropa Parlamentinin qərar və qətnamələri barədə qeyd olunmasını təklif etdim. Eyni zamanda Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərini tərk etməsinin, bu sənədləri dərhal icra etməsinin zəruriliyi barədə qeyd olunmasının da vacibliyini vurğuladım. Bildirdim ki, bu münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının da vurğulanması vacibdir.

 

Həmçinin sosial komitənin təqdim etdiyi məruzədə regiondakı iqtisadi problemlərdən danışılır və regionun inkişafı üçün sərhədlərin açılmasının vacibliyi qeyd olunur. Əlbəttə, bu müddəa ora Ermənistanın təkidi ilə daxil edilib. Mən buna da etirazımı bildirdim və qeyd etdim ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə sərhədlərin açılması mümkün deyil, bu, dəfələrlə bildirilib. Həmçinin Ermənistan təcavüzkar siyasətinə son qoymadığı müddətcə bu ölkə ilə Avropa Birliyi arasında assosiativ üzvlüklə bağlı aparılan müzakirələrin dayandırılmasını da təklif etdim.    

 

Mən eyni zamanda münaqişədə Rusiyanın rolundan danışdım, Ermənistanın müstəqil dövlət olmadığını, Rusiyanın forpostuna və silah bazasına çevrildiyini vurğuladım.  

 

Məruzədə həmçinin regionda əhalinin 30 faizə qədərinin yoxsulluq həddində yaşadığı qeyd olunub. Mən isə bildirdim ki, bunun cəmi 6 faizi Azərbaycanın payına düşür. Lakin Azərbaycanda bu faizi doğuran mühüm faktor qaçqın və məcburi köçkünlərin olmasıdır. Yenə də Ermənistanın apardığı etnik təmizləmə siyasəti və işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Təəssüf ki, bu məsələ də məruzədə öz əksini tapmamışdı.     

 

 

- Ermənistan nümayəndəsinin bu məsələlərə münasibəti necə oldu?

 

- Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ovanesyan çıxış edərək, Avronest PA rəhbərliyini mənim çıxışıma imkan yaratmaqda ittiham etdi. O  bildirdi ki, Dağlıq Qarabağla bağlı çıxışlara imkan yaradılması yolverilməzdir.

 

Bundan sonra isə iclas rəhbərliyinə bildirdi ki, Rusiyanın Azərbaycana satdığı silahın siyahısını təqdim edəcək. Mən isə bildirdim ki, Azərbaycan öz vəsaiti ilə istənilən ölkədən silah ala bilər.  Söhbət silah almaqdan deyil, silah hədiyyə olunmasından gedir. Ona bildirdim ki, Rusiyanın Ermənistana hədiyyə etdiyi silah siyahısını təqdim eləməsi daha maraqlı görünər.

 

Mən “Avronest”də təmsil olunanların hər birinin məlumatlı olduğu Xocalı faciəsini məhz Rusiya alayının indiki Ermənistan prezidenti Serj Sarkisyanın silahlı birləşməsi ilə birgə törətdiyini də bir daha iclas iştirakçılarının nəzərinə çatdırdım. Ovenesyan isə buna cavab olaraq bildirdi ki, “soyqırım” məsələsini yazıçı Əkrəm Əylisli açıq şəkildə yazıb, Azərbaycan isə indi ona bunu yazdığı üçün hücum edir. 

 

- Bu Sarkisyanın Xocalı soyqırımını törədənlərdən biri olmasına cavab idi?

 

-  Bəli. Çox təəssüf ki, mənim əvvəllər də dediyim kimi, artıq erməni diplomatiyası və diasporu Əkrəm Əylislinin o mənfur əsərindən bizə qarşı istifadə etməyə başlayıb. Bu gün də məhz fakt qarşısında susan Ovenesyanın bizə qarşı söylədiyi yeganə məsələ Əkrəm Əylislinin həmin əsəri oldu. O, Sarkisyanın Xocalı cinayətində iştirakı faktını pərdələmək üçün Əkrəm Əylisliyə istinad etdi. Biz bunu əvvəlcədən də proqnozlaşdırmışdıq.

 

- Bürodakı digər ölkələrin nümayəndələrinin bu mübahisəyə münasibəti necə oldu?

 

- Yalnız polşalı deputat Jacek Sarynsz-Volsk bu cür müzakirə aparılmasının əleyhinə oldu. O, supergüclərin həll edə bilmədiyi münaqişənin “Avronest”də müzakirəsinin nəticəsiz olduğunu dedi. Mən isə ona etiraz etdim. Bildirdim ki, onun fikrində heç bir məntiq yoxdur. Böyük dövlətlərin bu problemin həllində maraqsız olması bizim susmağımız üçün səbəb ola bilməz. Bir daha bildirdim ki, məruzədə bu məsələlər öz əksini tapmalıdır.

 

Avronest PA-nın həmsədri Kristian Vigenin  də məni dəstəklədiyini bildirdi. O, tam açıq mətnlə dedi ki, bu məsələlər diqqətdən kənarda qalmamalıdır və o, bizim haqlı mövqeyinizi bölüşür.    

 

 

Müzakirələrin sonunda isə təkliflərimin siyasi və sosial komitədə yenidən müzakirəsi tövsiyyə olundu.

 

- Növbəti sessiyanın vaxtı müəyyənləşdimi?

 

- Bəli, “Avronest” PA-nın növbəti sessiyası bu il mayın 28-29-da Brüsseldə keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2129
avatar

Oxşar yazılar