Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu işə başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, Forum iştirakçıları öncə Fəxri Xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər.
“Azərbaycan - mənəvi ənənələr və tolerantlıq” adlı qısametrajlı filmin nümayişindən sonra tədbir iştirakçılarına ölkə prezidenti İlham Əliyevin təbrik müraciəti oxunub. Məktubu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov oxuyub. Daha sonra açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Komitənin sədri Elşad İsgəndərov tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Türkiyənin diyanət işləri başqanı Mehmet Görməz, İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt Vəqflər və İslam İşləri nazirinin müavini Adel Abdulla Əl-Fəlah, o cümlədən Misir, Dağıstan və digər ölkələrin rəsmi nümayəndələri çıxış edəcəklər. 3 gün davam edəcək Forumda mövzu ilə bağlı bir sıra panellər də keçiriləcək. Sonda isə Bakı Platforması qəbul olunacaq.