Laçın rayon İcra Hakimiyyətin başçısı Akif Səlimov Laçının işğalının ildönümündə rayonun işğalına gətirib çıxaran səbəblərdən danışıb.
APA-nın məlumatına görə, Akif Səlimov jurnalistlərə açıqlamasında rayonun işğalının bir neçə kompleks səbəbinin olduğunu deyib: “1992-ci ilin mayın 7-də mən, Əlisahib Orucov (o zaman Azərbaycan Respublikası Prezidentinin Dağlıq Qarabağ Vilayəti üzrə səlahiyyətli nümayəndəsi – red.) və Laçının bir sıra sakinləri ilə Şuşaya gəldik. Şəhərə baxanda, mən hərbiçi kimi dəhşətə gəldim, tək-tük hərbiçilər gözə dəyirdi. Sağ tərəfdə Kirs dağlarında hərbiçilərin mövqeyi var idi. Onların da hamısını buraxmışdırlar Bakıya məzuniyyətə. Ermənilər Şuşanı mayın 8-də işğal edəndən sonra geri çəkilən qüvvələr Şuşa ilə Laçın arasında olan Turşsu aşırımında toplaşmışdı. O hərbçilərin vəzifəsi də ondan ibarət idi ki, Şuşadan Laçına tərəf hücumun qarşısını alsınlar. Mayın 14-15 respublikada situasiya da gərgin idi, Mütəllibov hakimiyyətə qayıtmağa hazırlaşırdı, bu da milli qüvvələrə sərf etmirdi. Ona görə də milli qüvvələr cəbhədə olan batalyonları, Şuşa və Laçın arasında olan hərbçiləri Bakıya çağırmışdılar. Bununla da Şuşa və Laçın arasında olan yol boş qaldı, praktiki olaraq Laçın təslim olundu”.
1990-94 illərdə Laçın rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışan A. Səlimov Laçın polisinin Dağlıq Qarabağ münaqişəsi zamanı göstərdiyi fədakarlıqdan da danışıb: “Laçın polisi mərkəzdən alınan əmrə görə, may ayının 11-dən Laçın mərkəzindən 53 kilometr cənubda Suarası-Fərəcan-Səfiyan xəttində idi. Amma Laçın polisi o döyüşlərdə heç iştirak edə bilmədi. Amma həmin ilin iyun ayında Murovdan, Kəlbəcər ərazisini keçərək, Laçına gələn polis qısa zaman ərzində rayon kəndlərinin 70 faizini azad edib. Sonradan ordu hissələri gəlib və oktyabrın 6-da biz şəhərə daxil olduq. 3 gün ərzində Laçın koridoru adlanan ərazi bağlandı. Ermənilərin yarısı Xankəndi tərəfinə, yarısı isə Gorus tərəfinə qaçdı. 3 gündən sonra isə briqada komandiri Zaur Rzayevə o vaxtkı müdafiə naziri Rahim Qazıyevin imzası ilə şifroqrama gəlib ki, Laçın koridorunu bağlamaq olmaz”.
A. Səlimov hələ 1992-ci il aprelin ortasında Nazirlər Kabinetində Laçınla bağlı 266 nömrəli məxfi sərəncam qəbul edildiyini deyib: “Orada qeyd olunub ki, Laçın camaatı köçürülsün. Dərhal 500 maşın gəldi Laçının şəhərinə ki, camaatı aparsınlar. O vaxtkı rəhbərliyin Tehranda götürdüyü öhdəliklərin yekun nəticəsi kimi Laçın işğalı olundu. Amma sonra biz oktyabr ayında Laçını işğaldan azad etdik. Yenə də həmin qüvvələr buna imkan vermədilər və biz əmr ilə geri çəkildik”.