2002-ci ildən keçirilən referendum və seçkilərlə bağlı şikayətlərin sayı açıqlandı
15 fevral 2018 13:44 (UTC +04:00)

2002-ci ildən keçirilən referendum və seçkilərlə bağlı şikayətlərin sayı açıqlandı

 

"Azərbaycanda keçirilən prezident seçkilərində prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayətlər və müraciətlərə baxılması ilə bağlıdır. 2002-2009-cu illər referendumlarında referendum iştirakçılarının hüquqlarının pozulması ilə bağlı prokurorluq orqanlarına müraciətlər daxil olmayıb". 

 

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

 

R. Usubov bildirib ki, seçkilər içərisində daha çox qanun pozuntularına yol verilməsi halları bələdiyyə seçkilərinə təsadüf edib: "Bu da həmin seçkilərin digər seçkilərə nisbətən daha kütləvi olması ilə bağlıdır. 2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilmiş və 2006-cı ilin may ayının 13-də keçirilən təkrar parlament seçkiləri ilə əlaqədar Baş Prokurorluğa 365 müraciət daxil olub. Həmin müraciətlərin 102-i MSK-dan, 35-i DSK-dan, 4-ü seçki bloklarından, 31-i hüquq mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan gəlib.

 

Qanun pozuntularına yol verdiyinə görə 10 DSK üzrə nəticələr ləğv edilib. Onlardan 6-ı Konstitusiya Məhkəməsi, 4-ü isə MSK tərəfindən ləğv edilib. 2008-ci ildə keçirilən prezident seçkilərində qanun pozuntularına yol verilməsi ilə bağlı prokurorluq orqanlarına müraciət daxil olmayıb. 2010-cu ilin noyabrın 7-də keçirilən parlament seçkiləri ilə əlaqədar Baş Prokurorluğa 13 müraciət daxil olub. Onlardan 4-ü DSK-lardan, 7-i hüquq mühafizə orqanlarından, 82-i isə vətəndaşlardan daxil olub. 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 6 müraciət daxil olub. Onların da araşdırması zamanı qanun pozuntusuna yol verilmədiyi aşkar olunub. 23 dekabr 2012-ci ildəki bələdiyyə seçkiləri ilə bağlı prokurorluq orqanlarına 43 müraciət daxil olub. Onlardan 36-ı MSK-ya, 4-ü DSK-ya, 1-i Ədliyyə Nazirliyinə göndərilib. 2015-ci parlament seçkiləri ilə bağlı isə prokurorluq orqanlarına cəmi 23 müraciət daxil olub. Onlardan 17-i MSK-ya, 2-i DSK-ya göndərilib, 4 müraciətin müəlliflərinə isə qanunvericiliyin tələbləri izah olunub".

# 199
avatar

APA Baycan

Oxşar yazılar