2021-ci il yanvarın 6-da Kapitoliyaya hücumu araşdıran ABŞ Nümayəndələr Palatasının Komissiyası Ədliyyə Nazirliyinə keçmiş prezident Donald Trampa qarşı cinayət işi başlatmağı tövsiyə etməyi nəzərdən keçirir.
Lent.az bildirir ki, bu barədə “Associated Press” xəbər verir.
Komissiya hesab edir ki, Trampa qarşı üç maddə üzrə ittiham irəli sürülə bilər: hökuməti devirməyə yönəlmiş qiyam, rəsmi dinləmənin keçirilməsinə mane olmaq və aldatmaq məqsədilə sui-qəsd. Bu tövsiyələr prokurorlara veriləcək.
Komissiya bunu dekabrın 19-da ictimaiyyətə açıqlamaq niyyətindədir. Qeyd olunur ki, tövsiyələr hüquqi qüvvəyə malik olmasa da, Trampın hərəkətlərini araşdıran Ədliyyə Nazirliyinə siyasi təzyiqi artıracaq.
Nəşr qeyd edir ki, Nümayəndələr Palatası əvvəllər Trampa qarşı işin başlanmasını xahiş etmək niyyətində idi. Məsələn, parlamentin üzvü Liz Çeyni bir neçə aydır ki, doqquz nəfərdən ibarət komissiyanın topladığı müvafiq sübutları Ədliyyə Nazirliyinə göndərib.
Kapitoliya binasına hücum 2021-ci il yanvarın 6-da Donald Trampın 2020-ci ilin noyabr ayındakı səsvermənin nəticələrini tanımayan tərəfdarlarının mitinqi zamanı baş verib və nəticədə demokrat Co Bayden növbəti dövlət başçısı seçilib. Etiraz aksiyaları polislə genişmiqyaslı toqquşmalara səbəb olub. Beş nəfər öldürülüb, onlarla insan saxlanılıb.