ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenlə görüş üçün Ağ evə bir qədər gec gəlib.
Lent.az bildirir ki, bu barədə “The Associated Press” (AP) məlumat yayıb.
Siyasətçilər Oval kabinetdə görüşüblər. Bayden qalib respublikaçını əl sıxaraq salamlayıb və onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.
Seçki yarışındakı keçmiş rəqibi ilə söhbətində Tramp deyib ki, “siyasət asan deyil” və dünya həmişə yaxşı deyil, “bu gün dünya yaxşıdır”. Hər iki siyasətçi hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi ilə bağlı razılığa gəlib. Bundan sonra jurnalistlərdən siyasətçiləri tək qoymaları tələb olunub.
Oval kabinetə səfər hakimiyyətin dinc yolla ötürülməsinin ənənəvi hissəsidir. Dörd il əvvəl demokrat Co Bayden prezident seçkilərində qalib gələndə Tramp bu ritualda iştirak etməkdən imtina etmişdi.
Bundan əvvəl Amerikanın hazırkı prezidenti Co Bayden öz komandasını hakimiyyətin dinc yolla ötürülməsi üçün seçkilərdə qalib gələn Donald Trampla işləməyə çağırıb. Amerika lideri ABŞ-ın seçki sisteminin dürüstlüyünə və şəffaflığına şübhə etmədiyini vurğulayıb.