Media reyestrinə etiraz edənlər:  onlar nə istəyirlər?
06 fevral 2023 19:19 (UTC +04:00)

Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?

“Media haqqında” qanunun qəbulundan sonra tətbiqinə başlanılıb. Qanunun tələbinə görə, media subyektləri fəaliyyətini davam etdirmək üçün Media Reysterinə daxil olmalıdırlar.

Media reysteri mütləqdirmi?

Mövcud qanuna görə, media reysterinə daxil olmadan da kontent yaradıcısı və yayıcısı olmaq mümkündür. Lakin bu kontent kütləvi, fərqli mənbələrə məxsus informasiya istehsalı və kütləvi informasiya yayıcılığına hədəflənməməlidir. Çünki kütləvi informaisya yaymaq üçün qanun mövcud standartlar və tələblər müəyyən edib. Bu tələblərdən birin də KİV adına iddia edən subyektin media reysterində olmasının vacibliyidir. Qanunun verdiyi səlahiyyətə görə, icra hakimiyyəti orqanının (indiki halda Media Agentliyi) reysterə daxil olmayan kütləvi informasiya yayıcısı ilə bağlı məhkəməyə müraciət edib, hüquqi tədbir görülməsi ilə bağlı iddia qaldırmaq hüququ var.

Son məlumata görə, 200-ə qədər media subyekti artıq media reysterinə daxil olub. Lakin media reysterinə daxil olmasından imtina edilmiş subyektlər də var. Təbii ki, imtina qərarı alanların sayı artdıqca narazı qalanlar da çoxalacaq. Bu isə sosial mediada, həm də hüquqi müstəvidə müzakirə və mübahisələri artıracaq.

Media haqqında qanundan narazı olanlar kimlərdir?

Qanundan, daha dəqiqi desək, qanunun tələbi olan media reysterindən narazıları 3 qrupa bölmək olar:

  1. Media reyterinə daxil edilməsindən imtina olunmuş subyektlər
  2. Heç bir müraciət etməyən, qanuna siyasi motivlərlə etiraz edənlər
  3. Fərdi jurnalist kimi reysterə müraciətlərinə mənfi cavab alanlar

Media reysterinə daxil edilməsindən imtina olunmuş subyektlər böyük əksəriyyətlə (fərqli səbəblərlə imtina alanlar da var) daha çox rüşvət tələb etmək, jurnalist və media adından sui-istifadə edib, bu immunitetdən yararlanmaq istəyənlərdir. Bu qrupa daxil olanlar faktiki jurnalist fəaliyyəti ilə məşğul olmur, böyük əksəriyyəti rayon və kəndlərdə, orta və kiçik məmurların, iş adamlarını şantaj etməklə aylıq vəsait alır, şikayətçilərin problemlərini konkret məbləğ müqabilində işıqlandırırlar. Bu subyektlər adətən bir nəfərdən və ya eyni ailənin iki-üç üzvündən ibarət “redaksiya heyətinə” malik olurlar. Onlar daha çox bir məmurun başqa məmura qarşı sifarişini yerinə yetirir, çirkli informasiya axınında iştirak edirlər. Bu tip subyektlərin “eksklüziv informasiyası” daha çox maraq qrupları tərəfindən sızdırılmış “etibarlı mənbə” məlumatları olur. Bunlar arasında bəzi qonşu dövlətlərin planlarına görə istifadə etdikləri, yalan və manipulyativ informasiya yayanlar da kifayət qədərdir. Əksər hallarda feyk xəbər üçün istifadə olunan bu tip subyektlər informasiyanın dövriyyəyə buraxılması, daha sonra daha geniş arealda manipulyasiya olunması üçün alət kimi istifadə edilir.

Amma media reyestrinə daxil edilməsindən imtina olunanlar arasında qanunun tələbi olan 20 orijinal kontenti yaratmaq üçün resursu çatmayan, rəhbərinin ali təhsili olmayan və ya digər tələblərə cavab verməyənlər də var. Media Agentliyi bildirir ki, reyestrə daxil edilməsindən imtina olunmuş subyektlərin hər birinə qərarı əsaslandıran individual səbəb barədə məlumat verilib.

Qanunla bağlı etirazını bildirən ikinci qrup isə daha çox siyasiləşmiş, beynəlxalq konvensiyalara, demokratiya, media azadlığı və insan haqları ilə bağlı sənədlərə istinad edənlərdir (istinadlarda xeyli manipulyasiyalar olduğunu da göstərmək çox asandır). Maraqlıdır ki, bu qrupa daha çox dəstəyi də məhz elə birinici qrupda təmsil olunanlar verirlər. Və bu zaman sual ortaya çıxır. Beynəlxalq konvensiyalar nə deyir? İnformasiya kirliliyi yaratmaq, başqa media qurumlarına oxşar loqotiplər və adlarla şantaj edib pul tələb etmə media azadlığıdırmı? Və ən əsas sual, iki bir-birinə zidd qütbdə dayanmış, tamamilə fərqli DAXİLİ VƏ XARİCİ marağa xidmət edən qütblər hansı vahid maraq ətrafında belə birləşə biliblər? Axı cəmi iki həftə əvvəl Media Agentliyini aksiya ilə hədələyənlərin heç biri “azad media və beynəlxalq konvesniyalar”a istinad edənlər deyildi? Necə oldu ki, beynəlxalq səviyyəli hüquqi aktlara istinad edənlər adını yazanda üç yerdə səhv edənlərlə birləşdilər?

Media reysterindən hansı jurnalistlər imtina alıb?

Əvvəla, onu qeyd etmək lazımdır ki, jurnalistlərin media reysterində olması könüllü seçimdir. Media reysterində olmamaq jurnalistin fəaliyyətinə məhdudiyyət tətbiq etmir. Bu qanunda da açıq-aşkar yazılıb. Sadəcə, media reysterinə daxil olmuş, fəaliyyət növü jurnalistlik olan şəxslərə müəyyən güzəştlər və immunitetlər təklif olunur. Media reysterində olmayan jurnalist isə təbii ki, bu güzəştlərdən yararlana bilməyəcək. Çünki icra hakimiyyəti orqanı onu jurnaslist fəaliyyət növü ilə məşğul olan şəxs kimi tanımır. “Jurnalist azaddır və ona heç bir güzəşt tətbiq olunmamalıdır. Jurnalist ona təklif olunan imtiyazlardan (vergi güzəşti, güzəştli ipoteka şərtləri və s) imtina etməldir” doqması ilə yaşayanlar, ya da özünü belə göstərənlər nədən narahatdırlar ki? Onlar zatən jurnalistlərə təklif olunan güzəştləri istəmirlər və yararlanmağı da doğru hesab etmirlər. Heç kim onların jurnalist fəaliyyətinə mane olmur, reysterdə olmadan fəaliyyətlərini davam etdirməkdə problem yoxdur. Bu onların azad seçimi olduğu kimi, reysterdə olub dövlətin digər zümrələrə təklif etdiyi güzəştli şərtlərdən yararlanmaq da bu seçimi edənlərin haqqıdır? Yox, məsələ “istəmirəm, yan cibimə qoy” misalı ilə həm “azad media fədakarı” kimi görünüb, həm də güzəştlərdən yararlanmaq istəyidirsə, bu dövr artıq bitib. Dövlət qanun qəbul edib və hazırda da qanun tətbiq olunur. Burda başa düşülməyəsi nə var?

“İcazəsiz fəaliyyət növü olaraq blogerlik, vlogerlik, sosial media aktivistliyi ilə məşğul olmaq azaddır, eyni zamanda reysterdə olmadan jurnalist kimi fəaliyyət göstərmək də azaddır. Faktiki olaraq, resyterə daxil olan media subyektinin 3 ildən az stajı olan jurnalisti də reysterə daxil ola bilməyəcək. Etirazçıların məntiqi ilə o jurnalist deyil və ya jurnalist fəaliyyəti ilə məşğul olmayacaq? Axı qanunda belə bir müddəa yoxdur və bu absurddur. Reysterin məqsədi media və jurnalist siyahısını müəyyən etmək, gələcəkdə ona güzəştlər tətbiq etmək və sahənin inkişafı üçün müəyyən kreditlər, inkişaf layihələri ayırdıqda istinad olunan bir kadastr yaratmaqdır. Reysteri, tərifi, fəaliyyət növü və fəaliyyət arealı olmayan sahənin inkişaf strategiyası nəyin əsasında və necə hazırlansın? Media subyektinə və jurnalistə edilən güzəşt təklifini, dövlətdən gələn dəstək və inkişaf layihəsini heç bir formada qəbul etməyən, amma hansı prioritetlər və mənbələr üzərində yaşayacağını da açıqlamayan subyektlər, onların sahibləri nə düşünür?

Media reysterinə daxil edilməyən ikinci qrup jurnalistlər isə uzun illər əməyi istismar olunanlardır. Bu məsələ ciddi narahatlıq doğurur və burda indi zərərçəkmiş durumunda qalan jurnalistin günahı yoxdur. Məhz elə hər hansı kadastrın olmamasının səbəbindən aralarında tanınmış jurnalistlərin də olduğu xeyli şəxsin əməyi istismar olunub, onlar heç bir dövlət reysterində ştatlı işçi kimi göstərilməyib, müqaviləsiz işlədiliblər. Çoxunun əmək kitabçası ya yoxdur, ya da saxta yazılıb. Bu problemi isə reyster yaratmayıb. Reyster mövcud olan problemi ortaya çıxarıb, bundan sonra belə problemlərin yaranmamasını stimullaşdırır. İndi jurnalist media subyektinin rəhbərindən işə götürülməsini, onunla müqavilə bağlanmasını tələb edir. Bu isə jurnalistin təkcə media reysterində olmasını təmin etmir, həm də gələcək fəaliyyəti, iş stajı, təqaüd və sığorta problemlərini həll edir. Belə olan halda ortaya sual çıxır. Bunu anlayan, başa düşən və məsələnin fərqinə varan jurnalist niyə reysterdə olmağa qarşı çıxsın? Səbəb? Əlbəttə, etiraz edənlər jurnalist kimi fəaliyyətdə ya maraqlı deyillər, ya da media haqqında qanundakı tələblərə cavab vermirlər.

Burda xüsusilə əmək hüququ tapdanmış bir qrup jurnalist də var ki, onlar 10-15 il fəaliyyət göstərməklərinə baxmayaraq fəaliyyətləri müqavilə ilə rəsmiləşdirilməyib və indi özlərindən asılı olmayan səbəbdən imtina alırlar. Bunun isə həlli yolu, media reysterinə qarşı çıxmaq deyil, heçə sayılmış əmək hüququnu məhkəmə qaydasında bərpa etməkdir. Çünki media resyteri məlumatları vahid əmək bazasından export edir. O məlumatlar həmin bazada yoxdursa, sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 50 etiraz statusu yazılsa da, bu adamların pensiya hüququ tanınmayacaq. Eynilə də sığorta və digər hüquqlar.

Beləliklə, təhlil və bir az sakit düşüncə, “Media haqqında”! qanunun tətbiqi ilə bağlı müzakirələrdə iştirak edənlərin çoxunun yenə də “belə deyirlər ki...” arqumentsizliyi və məlumatsızlığı ilə hərəkət etdiklərini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar