"Laçın və ya Kəlbəcərdə beynəlxalq hava limanı tikiləcək" - Prezident
07 yanvar 2021 14:41 (UTC +04:00)

"Laçın və ya Kəlbəcərdə beynəlxalq hava limanı tikiləcək" - Prezident

“Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir: “Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin.

Hesab edirəm ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda, insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Oxşar yazılar