Bu gün Laçın rayonundakı Ağoğlan monastrında ayin icra olunurdu.
Azərbaycanın Alban-udi xristian icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.
APA-nın icma ilə birlikdə Laçına səfər edən əməkdaşı xəbər verir ki, səfər Müdafiə Nazirliyi tərəfindən təşkil edilib.
Tədbirə Alban-udi xristian icması ilə yanaşı, Vətən müharibəsində iştirak etmiş udi gəncləri də qatılıb.
Alban-udi xristian icmasının sədr müavini Danakari Rafik Araminin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin keçirilib, dualar oxunub, şamlar yandırılıb.
Ayindən sonra Damakari Rafik Arami jurnalistlərə açıqlamasında bu günün udi icması üçün müqəddəs gün olduğunu bildirib: “180 ildən sonra ilk dəfə biz “Ağoğlan” məbədinə gədik. Ona görə ki, bu kilsəni bizim ulu babalarımız ziyarət ediblər. Biz də bu gün həm icma nümayəndələri, həm də Vətən müharibəsində iştirak edən əsgərlərlə bura gəlib ziyarət etdik, dualar oxuduq, mumlar yandırdıq. Allaha şükürlər etdik ki, müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz Qarabağ müharibəsində şəhid olanlar üçün dualar oxuduq, yaralıların şəfa tapmasını arzuladıq”.
İcmanın sədr müavini Azərbaycanın multikultural ölkə olmasını bu gün dünyaya bir daha sübut etdiklərini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda olan bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir: ""Ağoğlan" məbədində ermənilərin işğal müddətində etdikləri dəyişiklərə də toxunan sədr müavini monastırın mehrabının təhrif edildiyini diqqətə çatdırıb: “Alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olur. Ermənilər burada dəyişiklik edərək mehrabı daha hündür ediblər. Bundan başqa, xaçdaşları dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir”.
Qeyd edək ki, “Ağoğlan” monastırı (və ya “Sisərnəvəng”) Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşən, V-VI əsrlərə aid bazilikadır.
Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - “Ağoğlan” monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir.
Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz araşdırmalarında qeyd edir ki, 1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilib və tağlı əsas giriş qapısı inşa edilib. Bu haqda məlumatın əks olunduğu kitabə 1989-1992-ci illər arasında Laçın rayonunun Azərbaycan nəzarətində olduğu müddətdə yoxa çıxıb. Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilib. Bu haqda məlumat verən kilsə kitabəsi isə 1967-ci ildə yoxa çıxıb.
Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Halbuki kilsənin yerləşdiyi diyar tarix boyu Oğuz və Qıpçaq türklərinin ana yurdu olub. Monastırın tikilmə tarixi də ermənilərin bu iddialarını alt-üst edir. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox ediblər.