İranın Ermənistandakı səfiri Xəlil Şirqulami yenə tarix dərsi keçməyə çalışıb. Özü də elə bir dərs ki, burada tarixi sənədlərin yerini firuzəyi kaşılar, elmi arqumentlərin yerini isə siyasi maraqlar tutur. İrəvandakı Göy məscidin Azərbaycan irsi ilə bağlılığını rədd edən diplomat abidənin guya yalnız İran və Ermənistanın ortaq mədəni irsi olduğunu iddia edib. Görünür, Tehran diplomatiyasında artıq tarixi müəyyənləşdirmək üçün arxivlərə baxmaq yox, divardakı kaşıları saymaq kifayət edir.
İran səfiri Xəlil Şirqulami İrəvandakı Göy məscidin hər qarışında İran memarlığının izlərinin göründüyünü söyləyib. O, hətta abidənin firuzəyi kaşılarını da öz iddiasına sübut kimi təqdim edib. Diplomat bununla kifayətlənməyərək məscidin həmişə erməni-İran irsinin tərkib hissəsi olduğunu və gələcəkdə də belə qalacağını bəyan edib.
Cənab səfir, tarix kaşıların rənginə görə yazılmır!
Əgər bir tikilinin memarlığında İran üslubunun izləri varsa, bu, həmin abidənin fars xalqına məxsus olması demək deyil. Eyni məntiqlə, Osmanlı memarlığının təsiri altında tikilən bütün abidələri Türkiyənin, Avropa memarlığına uyğun inşa edilmiş bütün binaları isə Avropa dövlətlərinin tarixi mülkiyyəti elan etmək olardı.
Amma Şirqulaminin məntiqi görünür, yalnız Azərbaycan irsindən söhbət düşəndə bu cür işləyir.
Ən maraqlısı isə odur ki, səfirin özünün də xatırlatdığı tarixi şəxs onun söylədiklərini ciddi sual altına qoyur.
Göy məscidi kim tikdirib?
Tarixi mənbələrə görə, İrəvandakı Göy məscid XVIII əsrin 60-cı illərində İrəvan xanlığının hakimi Hüseynəli xanın dövründə tikilib. Ermənistan paytaxtının turizm məlumatlarında da məscidin 1766-cı ildə İrəvan hakimi Hüseynəli xan tərəfindən inşa etdirildiyi göstərilir.
Yəni abidənin banisinin adı heç də gizli deyil. Üstəlik, bu məlumat təkcə Azərbaycan mənbələrində yox, Ermənistanın öz turizm resurslarında da yer alır.
Azərbaycan tarixşünaslığında İrəvan xanlığı Azərbaycan dövlətçilik tarixinin mühüm hissələrindən biri kimi qiymətləndirilir. Göy məscid də həmin xanlığın dini-mədəni irsinin nümunəsi hesab olunur.
İran pulu ilə təmir olunan abidənin tarixi də dəyişirmi?
Göy məscid sovet dövründə dini təyinatını itirib, muzey və planetarium kimi istifadə olunub. Ermənistan müstəqillik əldə etdikdən sonra İranın iştirakı ilə bərpa işləri aparılıb və kompleks İranın istifadəsinə verilib.
Ermənistanın BMT-yə təqdim etdiyi materiallarda da məscidin İran mütəxəssislərinin köməyi ilə bərpa edildiyi və İran tərəfinə uzunmüddətli istifadə hüququ verildiyi göstərilir.
Bəs hansı məntiqlə bərpa işlərinə pul xərcləyən dövlət abidənin bütün tarixi irsini öz adına çıxara bilər?
Bu yanaşma qəbul edilsəydi, dünyada bərpa edilmiş minlərlə tarixi abidənin mənsubiyyətini onların təmirini maliyyələşdirən ölkələr müəyyənləşdirərdi.
Tarix belə işləmir, cənab səfir!
İranın Göy məscidin qorunmasına töhfəsi təqdir edilə bilər. Amma həmin töhfəni onun Azərbaycan tarixi ilə bağlılığının inkarına çevirmək saxtakarlıqdır.
Tehran niyə İrəvan xanlığının tarixindən danışmaq istəmir?
İran rəsmilərinin Göy məscidlə bağlı mövqeyində diqqətçəkən məqamlardan biri də abidənin mövcud olduğu tarixi mühitin arxa plana keçirilməsidir.
Məscidin İran memarlığına uyğun tikildiyi dönə-dönə vurğulanır. Lakin İrəvan xanlığının tarixi, şəhərin müsəlman əhalisi və Azərbaycan türklərinin bu ərazidəki mədəni irsi barədə eyni həvəslə danışılmır.
Hətta britaniyalı müəllif Tomas de Vaal da İrəvandakı məscidin fars məscidi adlandırılmasının onun inşa edildiyi dövrdəki ibadətçilərin böyük hissəsinin bugünkü anlayışla azərbaycanlı olması faktını kölgədə qoyduğunu qeyd edib.
Görəsən, İran səfiri firuzəyi kaşıların hər qarışını bu qədər diqqətlə araşdırarkən həmin məsciddə ibadət etmiş insanların tarixini niyə eyni diqqətlə öyrənmir?
Yoxsa daşın rəngini görmək asandır, tarixi yaddaşı görmək isə diplomatik baxımdan əlverişli deyil?
Molla hakimiyyətinin qəribə tarixi həssaslığı
İran hakimiyyətinin Ermənistanla münasibətlərdə nümayiş etdirdiyi həssaslıq yeni hadisə deyil. Tehran İrəvanla siyasi və mədəni əlaqələrini qorumağa xüsusi əhəmiyyət verir. Göy məscid də bu münasibətlərdə mühüm simvollardan birinə çevrilib.
Hətta elmi araşdırmalarda məscidin müasir dövrdə İranın Cənubi Qafqazdakı yumşaq güc siyasəti ilə əlaqəli olduğu göstərilir.
Görünür, Tehran üçün Göy məscid təkcə ibadət yeri deyil, həm də siyasi təsir vasitəsidir.
Amma burada ciddi sual meydana çıxır: özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən İran hakimiyyəti niyə bu abidənin Azərbaycan müsəlmanlarının tarixi ilə bağlılığına dair arqumentləri bu qədər qətiyyətlə rədd edir?
Məgər bir məscidin Azərbaycan tarixində yer tutması onun İslam abidəsi olmasına mane olur?
Şirqulami bütün bunları izah etmək əvəzinə kaşılardan danışır.
Səfir üçün tarix yox, diplomatik sifariş əsasdır?
İran diplomatiyasının bu mövqeyi istər-istəməz başqa suallar da doğurur.
Niyə Tehran Göy məscidin tarixi mənsubiyyəti barədə mübahisədə Azərbaycanın arqumentlərini qəbul etməyə hazır görünmür? Niyə İran memarlığının təsiri abidənin Azərbaycanla tarixi əlaqələrini istisna edən sübut kimi təqdim edilir? Niyə ortaq tarixi irsi qəbul etmək əvəzinə yalnız Ermənistan-İran irsi anlayışı önə çəkilir?
Bu suallara cavab vermək üçün firuzəyi kaşıları göstərmək kifayət deyil.
Səfirin Azərbaycanın tarixi mövqeyini rədd etməsi diplomatik mövqe sayıla bilər. Lakin onun bu mövqeyini mübahisəsiz tarixi həqiqət kimi təqdim etməsi qəbulolunmazdır.
Şirqulami bir şeyi unutmamalıdır: nə diplomatik bəyanat, nə bərpa müqaviləsi, nə də firuzəyi kaşılar keçmişi dəyişmək gücündədir.
İrəvandakı Göy məscidin tarixi haqqında danışanda Hüseynəli xanın, İrəvan xanlığının və şəhərin müsəlman əhalisinin tarixinin üzərindən sükutla keçmək mümkün deyil.
Cənab Şirqulami, kaşıları saymağı bir kənara qoyun, tarixi sənədləri oxuyun. Çünki məscidin divarları İran memarlığından danışa bilər, amma onun tarixini yalnız divarların rəngi müəyyənləşdirmir.