Rusiyada demoqrafik durum ağırlaşmaqda davam edir.
Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkədə 2016-cı ilin yanvarından 2023-cü ilin iyununa qədər Rusiya vətəndaşlığı almış xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.
Belə ki, 7,5 il ərzində 3,6 milyon əcnəbiyə Rusiya pasportu verilib.
Məlumatda diqqət çəkən məqamlar ilk növbədə Azərbaycan və Ermənistanla bağlıdır.
Belə ki, bu müddət ərzində 239 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb. Bu 2023-cü il üçün Ermənistan əhalisinin rəsmi sayının 8%-ni təşkil edir.
Beləliklə, xarici vətəndaşlıq alan sakinlərinin əhalinin ümumi sayına nisbətində Ermənistan siyahıda lider ölkədir.
Bu göstərici Ermənistan əhalisinin sayının sürətlə azaldığını, real vətəndaş sayının həqiqəti əks etdirmədiyini və bu templə bir dövlət kimi varlığının sual altında olduğu vurğulanmalıdır.
Digər tərəfdən, Rusiya Daxili İşlər Nazirliyi 2016-cı ilin yanvarından 2023-cü ilin iyununa qədər Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı da qeyd olunub. Bu müddətdə 129,7 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu Azərbaycan əhalisinin 1,3%-ni təşkil edir.
Ümumilikdə, Rusiya vətəndaşlığı alanlar arasında liderlik Ukraynaya məxsusdur. Son 7,5 il ərzində 1, 696,7 milyon ukraynalı Rusiya vətəndaşlığı alıb. Bu 2022-ci il üçün ölkə əhalisinin 4,1%-ni təşkil edir.
Say baxımından növbəti pillələrdə Tacikistan (560,2 min), Qazaxıstan (323,6 min), Ermənistan (239 min), Özbəkistan (178,6 min) və Moldova (132,1 min) qərarlaşıb.
Statistikaya əsasən, 2016-2023-cü illərdə 5 451 Türkiyə, 1 281 ABŞ, 827 İtaliya, 680 Fransa, 564 Çin və 556 Hindistan vətəndaşı da Rusiya vətəndaşlığı alıb.
Ümumilikdə, Rusiya yalnız əcnəbilərə vətəndaşlıq verməsi sayəsində əhalisinin sayının ciddi azalması ilə üzləşmir. Belə ki, 2016-cı ilin yanvarından 2023-cü ilin iyununa qədər ölkədə 11,4 milyon insan doğulub, 14,7 milyon insan isə ölüb. Əhalisinin sayındakı 3,3 milyon nəfərlik azalmanın yükü isə bu illər ərzində 3,6 milyon əcnəbiyə vətəndaşlıq verilməsi sayəsində azaldılıb.