Martın 10-da VI çağırış Milli Məclisin ilk iclası keçirilib.
Lent.az-ın məlumatına görə, iclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinləri vəzifələrinə seçkilər keçirilib.
Səsvermə nəticəsində Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Qeyd edək ki, Sahibə Qafarova Şəmkir şəhərində anadan olub. O, M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı institunu (indiki Bakı Slavyan Universiteti) və Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil müddətində yüksək tədris göstəricilərinə görə, Lenin adına təqaüd alıb.
S.Qafarova 1978-1980-ci illərdə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. O, 1981-1984-cü illərdə Bakı Slavyan Universitetində aspirantura pilləsində təhsilini davam etdirib. 1985-ci ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent və professor kimi çalışıb. 1987-ci ildə elmlər namizədi alimlik dərəcəsi alan S.Qafarova 1998-2000-ci illərdə doktoranturada elmi tədqiqatlarını davam etdirib.
2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində, 2004-cü ildən isə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. O, 2004-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda tədqiqatlar aparıb, Birləşmiş Ştatların Prinston, Miçiqan, E.S.Tennessi Universitetlərində Azərbaycanda qadın mövzusunda mühazirələrlə və təqdimatlarla çıxış edib, bir sıra beynəlxalq elmi konfranslarda ölkəmizi uğurla təmsil edib. Çoxillik elmi və pedaqoji faliyyətin nəticəsi olaraq 80-ə qədər elmi və tədris-metodik işin, monoqrafiyanın, proqramların və dərs vəsaitlərinin müəllifidir.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Sahibə Qafarova pedaqoji sahədə olduğu kimi, siyasi faliyyətində də aktiv mövqeyi ilə seçilib. Belə ki, 2010-cu ildə Milli Məclisə seçkilərdə Şəmkir şəhərindən IV çağırış parlamentə millət vəkili seçilən Sahibə Qafarova beşinci və altıncı çağırış Milli Məclisə də deputat seçilib. Beşinci çağırış Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini olan S.Qafarova millət vəkili kimi təmsil etdiyi Şəmkir rayonunun sosial – iqtisadi məsələlərinin həllinə daim diqqət göstərib, seçicilərin müraciətlərinə həssaslıqla yanaşıb. O, rayonda bir sıra orta təhsil müəssisələrinin təmiri və yenidən qurulması, kəndlərin qazlaşdırılması, mədəniyyət, idman və digər sosial obyektlərin tikilməsi, yeni yolların çəkilməsi ilə bağlı Milli Məclis iclaslarında təşəbbüslə çıxış edib, sonradan bu məsələlərin bir çoxu Azərbaycan hökuməti tərəfindən Dövlət proqramlarına salınaraq uğurlu həllini tapıb.
Sahibə Qafarovanın təşəbbüsü ilə humanitar xarakterli sosial layihələr də həyata keçirilib. Respublikanın müxtəlif tibb müəssisələri ilə birgə reallaşdırılan layihə çərçivəsində Şəmkir rayonunda imkansız ailələrin üzvlərinin və uşaqların tanınmış həkimlərindən ibarət tibbi heyət tərəfindən səyyar klinika daxilində bir neçə dəfə pulsuz oftolmoloji müayinədən keçirilməsi, pulsuz əməliyyatların aparılması Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm dəstək kimi qiymətləndirilərək böyük ictimai marağa səbəb olub.
S.Qafarova beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması yönündə Milli Məclisin fəaliyyətində də aktiv şəkildə iştirak edib. Xüsusilə, 2010-cu ildən Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi 10 il müddətində müvəffəqiyyətlə təmsil olunan Sahibə Qafarova AŞPA komitəsinə sədrlik edən ilk azərbaycanlı parlamentari olub. Belə ki, millət vəkili 2016-2017-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib. O, bu dövrdə Avropanın bir çox ölkələrində miqrant düşərgələrində olub, Avropada miqrant böhranının həlli və beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Sahibə Qafarovanın təşəbbüsü ilə 2017-ci ildə Bakıda komitənin iclası keçirilib. Tədbirdə iştirak edən AŞPA nümayəndə heyətinin üzvləri Azərbaycanın müxtəlif dövlət qurumlarında rəsmi görüşlər keçirib, ölkəmizdə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısı siyasəti və Dağlıq Qarabağ münaqişəsi haqqında real faktlara əsaslanan məlumatlarla tanış olublar.
Sahibə Qafarovanın AŞPA komitəsinin sədri kimi fəaliyyəti ölkəmiz üçün çox əlamətdar olub. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulmuş hüquqlarının bərpası məsələlərini daim gündəmə gətirib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl reallıqları Avropa ictimaiyyətinin diqqətinə çatdırıb. O, qurumun sessiyalarında həmçinin Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti, ölkəmizin ən müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətlər, respublikamızın beynəlxalq rolu və mövqeyinə dair çoxsaylı çıxışlar edib.
Bununla yanaşı, 2015-2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi seçilən Sahibə Qafarova həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində də çalışıb. 2017-ci ildə məhz S.Qafarovanın təşəbbüsü ilə bu şəbəkənin də Bakıda seminarı təşkil olunub.
O, müxtəlif vaxtlarda AŞPA-nın Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. Azərbaycanlı parlamentarinin fəaliyyəti AŞPA-da yüksək qiymətləndirilib, o, qurumun Büro üzvü vəzifəsinə seçilib.
Milli Məclisin sədri S.Qafarova 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, təşkilatın tədbirlərində xalqımızın və dövlətimizin mənafeyinin qorunmasında fəal mövqe nümayiş etdirib.
O, həmçinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun himayəçilik şurasının üzvüdür.