25 oktyabr gecəyə yaxın ictimaiyyət Qubadlının işğaldan azad olunması sevincini yaşayarkən, bu dəfə okeanın o tayından humanitar atəşkəslə bağlı yeni razılıq barədə bəyanat yayıldı. ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupu həmsədrlərinin adından verilən bəyanatda 26.10.2020 tarixi saat 08.00-dan etibarən Azərbaycan və Ermənistan arasında atəşkəsin elan edildiyi açıqlandı.
Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdükləri, Xarici İşlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə toplantı keçirildiyi, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də görüşlərdə iştirak etdiyi qeyd olundu.
Ən əvvəl diqqəti ona çəkməyə ehtiyac var ki, Ermənistan Vaşinqtonda əldə olunmuş humanitar atəşkəs razılaşmasına nə dərəcədə əməl edəcək? Çünki Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda əldə olunmuş iki humanitar atəşkəs razılaşması Ermənistan tərəfindən kobudcasına pozulmuş, düşmən ölkə itirdiyi əraziləri geri qaytarmaq üçün əks hücuma keçmiş, lakin Azərbaycan Ordusu bu cəhdlərin qarşısını almışdı.
Vaşinqton görüşü ilə bağlı ortaya çıxan digər maraqlı məqam o oldu ki, Moskva görüşləri kimi, bu görüş də Ermənistanın hazırkı aciz durumunun növbəti təsdiqi kimi tarixə düşdü. Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən N. Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarırdı. Paşinyanın çarəsizliyinin digər sübutu odur ki, o, artıq kompromislərdən danışmağa başlayıb.
Bunlar öz yerində... Baş verənlərdən çıxan digər nəticələr odur ki, həmsədr dövlətlərin regiondakı məqsədləri dəyişmir. Onlar 30 il ərzində işğalçı Ermənistana siyasi təzyiqlər etmək əvəzinə yenə də status-kvonun uzun illər dəyişməz qalmasında maraqlıdırlar. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra onun müharibə ritorikası və “yeni müharibə - yeni torpaqlar üçün” hədəfləri və bu il ərzində bir neçə dəfə Azərbaycana qarşı ciddi erməni təxribatları qarşısında susan həmsədr dövlətlər indi özlərinə əl qatıblar ki, müharibəni dayandırmaq, danışıqlara başlamaq lazımdır. Müharibəyə qədər Ermənistanın Tovuzda atəşkəsi kobud şəkildə pozub yeni ərazilər almaq cəhdindən nə az, nə çox, 2 ay sonra - sentyabr ayında toplanıb həmişəki kimi balanslı bəyanat verən Rusiya, Fransa və ABŞ çox yaxşı bilirdi ki, bölgədə müharibənin başlaması an məsələsidir. Görünür, onların özlərini səssiz və “təmkinli” aparmaqlarının səbəbi müharibənin Ermənistanın xeyrinə olacağını düşünmələri idi. Lakin rəşadətli Azərbaycan ordusu Ermənistanın və onların havadarlarının planlarını pozdu.
Hərbi əməliyyatlarının gedişinin ordumuzun qələbələri ilə davam etməsi, bu üç dövlətin özlərinin 1993-cü ildə səs verdikləri qətnamələrin Azərbaycan tərəfindən güc yolu ilə bir-bir icra edildiyi bir vaxtda (Füzulinin, Cəbrayılın, Zəngilan, Qubadlının artıq işğaldan azad edilməi) Ermənistanın yaxın günlər ərzində tamamilə məğlub olacağını görən həmsədrlər hər addımlarında məqsədlərinin İrəvanı xilas etmək olduğunun sübut etməkdədirlər. Döyüşlər Azərbaycanın üstünlüyü ilə davam edərkən Ermənistan ordusunun Gəncə başda olmaqla, Azərbaycanın müxtəlif şəhərlərindəki mülki infrastruktura raket zərbələri endirməsi, Nikol Paşinyanın “Dağlıq Qarabağdakı ermənilər öz müqəddəratlarını təyin etməlidirlər” kimi provokativ davranışları fonunda bu dövlətlərin yenə də Ermənistana yox, Azərbaycana siyasi təzyiq etmələri bir daha həmin qütblər üçün prioritetin insan haqları, humanizm, sülh və beynəlxalq hüquq deyil, öz maraqlarının olmasının sübutudur.
Son iki gün ərzində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, ATƏT nümayəndələri, ABŞ-ın yüksək çinli siyasətçilərinin və həmsədrlərin iştirakı ilə baş tutan görüşlər zamanı ölkəmizə qarşı siyasi təzyiqlər davam edib. Burada xüsusilə ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, 25 oktyabr ABŞ Dövlət Departamenti və ATƏT-in bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənərək birtərəfli xarakter daşıyıb. Buna qarşı kəskin mövqe nümayiş etdirən Azərbaycan tərəfi bundan əvvəl Moskvada olduğu kimi, okeanın o tayında da qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəslə məhdudlaşdırılmasının qarşısını almağa nail olub.
Azərbaycan təzyiqlərə baxmayaraq, bəyanatda hansı məqsədlərinə nail oldu?
1. Vaxt cədvəli.
Bəyanatda Azərbaycan üçün olduqca müsbət məqam uzun danışıqlardan sonra “vaxt cədvəli” məsələsinin açıqlamaya daxil edilməsidir. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.
2. Ermənistandan Dağlıq Qarabağa silah və hərbçilərin daşınmasına qadağa.
Azərbaycan tərəfi yaxşı bilir ki, Ermənistan və havadarlarının humanitar məqsədli atəşkəs dövründəki əsas məqsədlərindən biri zəifləmiş erməni hərbçiləri və məhv edilmiş hərbi texnikaların yeniləri ilə əvəz edilməsi və bu fasilə ərzində güclənmələrinə şəraitin yaradılmasıdır. Bu aspekti nəzərə alan Azərbaycan Ermənistandan Dağlıq Qarabağa silah və hərbçilərin daşınması məsələsini qaldırıb. Bu isə, o deməkdir ki, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir.
Beləliklə, dünyanın ən güclü 5 dövlətindən 3-nün Azərbaycana qarşı bütün təzyiqlərinə baxmayaraq, okeanın o tayında humanitar məqsədli atəşkəslə bağlı bəyanatda rəsmi Bakının israrla üzərində dayandığı mühüm prinsiplər əksini tapdı. Bizə çox yaxşı məlumdur ki, indiki vəziyyətdə bir neçə rayonun, bir çox yaşayış məntəqəsinin ordumuzun işğaldan azad etməsi fonunda Nikol Paşinyanın sülh çağırışları gözdən pərdə asmaqdan başda bir şey deyil. Ermənistanın siyasi və hərbi rəhbərliyi çox yaxşı bilir ki, erməni xalqı məğlubiyyəti və səhvləri onlara bağışlamayacaq. İndiki halda Ermənistanın əsas məqsədi yalan və uydurma dolu fake xəbərlərlə Azərbaycana qarşı koalisiyanı genişləndirmək, silahlanmaq və revanş almaqdır. Elə səhər saatlarında humanitar atəşkəs başlayan andan düşmən ölkənin ordusunun cəbhənin və sərhədin bütün istiqamətlərindən Azərbaycana hücumu bunun sübutudur. Lakin düşmən və bizə silahı yerə qoyun deyənlər yaxşı olardı ki, reallığı adekvat şəkildə dərk etsinlər. Reallıq isə ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanın yanındadır. Dünyanın bütün dövlətlərinin ərazi bütövlüyümüzü tanıdığı, müharibədə qalib gəldiyimiz bir vaxtda münaqişəyə son qoymağın bir yolu var. Və bu şərti Prezident İlham Əliyev Nikol Paşinyan qarşısında qoyub.
Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi