“Hazırda Dağlıq Qarabağ müharibəsinin şiddətli dövründə Elif Şəfəqin Ermənistan tərəfini və erməni yazıçı “dostlarını” dəstəkləməsi onun türk vətəndaşı və yazıçı adı daşımasıyla bir araya sığmır”.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, çoxmilyonlu əhalisi olan Türkiyə xalqı Azərbaycanla “tək millət, iki dövlət” formasında sarsılmaz birlik nümayiş etdirdiyi indiki məsuliyyətli və şərəfli günlərdə Elif Şəfəq nəinki Azərbaycan xalqı, hətta türk xalqı ilə də bir yerdə deyil, Ermənistan tərəfində görünür: “Strasburqda doğulan, qanı qarışıq olan, Madriddə orta təhsil alan, dünyanın müxtəlif universitetləri arasında sərgərdan həyatı keçirən Elif Şəfəqdən vətən və millət, qardaş xalq və ölkə hissinin çox uzaq olması təəccüblü deyildir.
Elif Şəfəqin Dağlıq Qarabağ ərazisində dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının və donuz, inək saxlanan müsəlman məscidlərinin deyil, erməni kilsəsi təəssübkeşliyini çəkib, kilsəni müdafiə edən yazıçı kimi özünü göstərməsi ilə uydurma sülh çağırışları bir-birini tutmayan addımlardır. Artıq hər kəsə çoxdan bəllidir ki, erməni xalqını torpaq işğal etmək xülyasına və bəlasına salanların bir çoxu elə bədnam erməni kilsəsinin təmsilçiləridir.
Elif Şəfəqin bədii əsərləri çox ziddiyyətlidir. O, bəzi Qərb dairələrindəki cinsi ayrıseçiciliyin aradan qaldırılmasına dəstək verən feminizmin müdafiəçisidir. Fərqli cinsiyyətlərin bərabərliyini müdafiə edən Elif Şəfəqin türk və müsəlman adı daşımağa mənəvi haqqı yoxdur”.
Akademik qeyd edib ki, hazırda müxtəlif üsullarla kilsə-keşiş təəssübkeşi kimi çıxış edib, cinsi azlıqları və fərqli cinslərin bərabərliyini müdafiə etməklə yüksək mükafatlara iddialı olmaq arzusunda olan cızmaqaraçıların sıralarında canfəşanlıq edən Elif Şəfəqin əsərləri Dardanel boğazından və Dəmir Qapı Dərbənddən bu tərəfə keçmək haqqını itirib: “Onun zahiri populizmlə oxucunu çaşdırmağa hesablanmış əsərlərinin Türkiyədə, Azərbaycanda, türk-müsəlman dünyasında heç bir dayağı yoxdur və ola bilməz. Özünü yazıçı hesab edən şəxsdən bundan böyük aşağılanmaq həddini təsəvvür etmək olmaz.
Təcavüzkar Ermənistanı müdafiə etmək son nəticədə qəsbkarlığı, cəlladlığı, vandalızmi, qaniçənliyi müdafiə etmək deməkdir. Heç şübhəsiz, bu məkrli və yaramaz mövqe isə Elif Şəfəqə “mükafat” yox, yalnız “nifrət” qazandıracaqdır.
Azərbaycan xalqının Elif Şəfəq kimi simasız “yazıçıların” dəstəyinə ehtiyacı yoxdur”.