Dünya Ermənistan ordusundakı muzdlulardan yazır: 1500 dollara görə qeyb olanlar…
02 noyabr 2020 13:45 (UTC +04:00)

Dünya Ermənistan ordusundakı muzdlulardan yazır: 1500 dollara görə qeyb olanlar…

Ermənistan tərəfdən cəbhədə muzdluların döyüşməsi faktları hər kəsə məlumdur. Artıq açıq mənbələrdə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir. 

Bu sırada “Reuters” agentliyinin yaydığı bir reportajda da Livaınn erməni əsilli vətəndaşlarının necə Ermənistana yollandığı, düşərgələrdə hərbi təlimlər keçməsindən bəhs olunur. Reportajda Vartkes adlı Livan vətəndaşı barədə də qeyd olunub. Bildirilib ki, Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi. 

Yazıdan məlum olur ki, əslində Livandakı ağır iqtisadi vəziyyətə görə Ermənistana üz tutanlar sonradan döyüşlərə cəlb olunub. Haqqında danışılan döyüş təlimatçısı bu vaxta kimi 10 müxtəlif  hərbi düşərgədə təlimlər keçdiyini bildirir. Reportajda Kevork Hacyan adlı Livan vətəndaşının anası bildirir ki, oğlunun Qarabağda döyüşdüyünü və öldüyünü qardaşı ona deyəndə bilib, bu vaxta kimi onun döyüşlərdə olduğunu bilmirmiş: “Oğlumun Qarabağda döyüşdüyünü ölüm xəbərini alanda bildim”.

Rusiyalı blogger Kirill Krivoşeyev isə özünün “Dezertir s infovoynı”  kanalında bildirir ki, ermənilər tərəfindən ayda 1500 dollar müqabilində döyüşmək istəyən Rusiya vətəndaşlarına da rast gəlib. 

Bir qədər əvvəl Fransanın “Liberation” qəzeti də bu mövzuya toxunub. Məlumatda deyilir ki, erməni terrorçu ASALA-nın 64 yaşlı üzvü, Fransa vətəndaşı Hilbert Minasyan döyüşmək üçün Qarabağa gəlib. Terrorçu Minayan özüylə birgə bir neçə erməni əsilli terrorçunu da Qarabağa aparıb. 

Yadınızdadırsa, Ermənistan bir müddət əvvəl Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı qeyri-qanuni fəaliyyətini nümayişkaranə şəkildə bildirmişdi. Hələ 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı zamanı Suriya və Livandan erməni muzdluların gətirilməsi, azərbaycanlılara qarşı soyqırımlarda onların xüsusi rol oynaması təcrübəsi fonunda bu, o qədər də təəccüblü deyil. 

Hələ avqust ayında Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ortaya çıxan işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı da qanunsuz köçürmənin sübutlarından biridir. Həmin vaxt məlum olmuşdu ki, 2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust-sentyabr aylarında bu rəqəm daha da böyüdü. Bir vaxt işğal altında olan Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirdi. İşğalçı ölkənin məqsədi Qarabağdakı erməni əhalisinin sayını 200-300 min nəfərə çatdırmaq, bununla, Azərbaycan ərazilərinin “ermənilərə məxsus” olduğunu göstərmək, həm də Dağlıq Qarabağın mümkün həlli ssenarisinə uyğun gələcəkdə bölgənin statusunun müəyyənləşdirilməsi məqsədilə keçirilə biləcək referendumda indidən “səs çoxluğunu” təmin etmək idi. Onların digər və ən böyük məqsədi isə  Suriyadan və Livandan Qarabağa köçürülən ermənilərin muzdlu əsgər kimi istifadə etməsidir. 

Bu faktlar artıq heç kimə sirr də deyil. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də öz “Twitter” səhifəsində bu məsələyə münasibət bildirib: “Biz dəfələrlə bildirmişik ki, Ermənistan Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçularından istifadə edir". 

Heç kimə sirr deyil ki, Ermənistan ordusunda şəxsi heyətin tam komplektləşdirilməsi ilə bağlı ciddi problemlər var. Artıq ermənilər bu problemi gizlədə belə bilmirlər. Ermənistan ordusu 40 yaşa qədər şəxsləri artilleriyaçı, mühəndis-istehkamçı, snayper, qumbaraatan, pulemyotçu və digər vəzifələrə xidmətə cəlb etmək üçün elan verib. Müraciətdə muzdluların işğal olunmuş Azərbaycan ərazilərində, yəni Dağlıq Qarabağda xidmət keçəcəkləri bildirilir.  Onlar isə qurbanlıq kimi birbaşa ön cəbhəyə atılır. Azərbaycan əsgəri isə onların çoxuna ilk “maaşını” almağa imkan vermir. Ermənistan onların meyitlərinə belə yiyə durmur, sanki olmayıblar, sanki qeybə çəkiliblər…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar