İlham Əliyev və Nikol Paşinyanın Bişkek görüşü dünya mediasının diqqətində – Əsas vurğular nələr olub?
01 sentyabr 2026 00:01 (UTC +04:00)

İlham Əliyev və Nikol Paşinyanın Bişkek görüşü dünya mediasının diqqətində – Əsas vurğular nələr olub?

0

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 31-də Bişkekdə keçirilən görüşü beynəlxalq və regional media tərəfindən geniş işıqlandırılıb. Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh prosesinin davam etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və TRIPP layihəsinin icrası əsas mövzular sırasında yer alıb.

Lent.az xəbər verir ki, xüsusilə Avropanın aparıcı xəbər kanallarından olan “Euronews”, Türkiyənin Anadolu Agentliyi, İsveçrənin “SWI” (swissinfo.ch), “IntelliNews”, “Commonspace”, Rusiyanın “Kommersant” və “Interfax” agentlikləri, İranın IRNA agentliyi, Gürcüstanın 1TV-si və Qazaxıstanın “Kursiv” nəşri görüşə daha geniş yer verən media qurumları kimi seçilir.

“Euronews” Bişkekdə keçirilən ŞƏT sammiti barədə geniş materialında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə də xüsusi yer ayırıb. Nəşr görüşü iki ölkənin tarixi sülh prosesində yeni mərhələ kimi təqdim edərək, liderlərin növbəti addımları müzakirə etdiyini yazıb. “Euronews” həmçinin Əliyev və Paşinyanın yeni ticarət və enerji əməkdaşlığı, eləcə də TRIPP marşrutu ilə bağlı məsələləri müzakirə etdiyini vurğulayıb.

Türkiyənin nüfuzlu Anadolu Agentliyi görüşü “Azərbaycan Prezidenti, Ermənistanın baş naziri iqtisadi, ticarət və enerji əlaqələrinin genişləndirilməsini müzakirə etdi” başlığı ilə təqdim edib.

Agentlik yazır ki, Əliyev və Paşinyan ŞƏT sammiti çərçivəsində görüşərək iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Anadolu Agentliyinin diqqət çəkdiyi əsas məqamlardan biri də iki ölkənin birbaşa ikitərəfli təmasları davam etdirmək və münasibətlərin normallaşdırılması ilə yanaşı, regional bağlantıları gücləndirmək barədə razılığa gəlməsi olub.

Agentlik həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranzitini və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində atılacaq addımları xüsusi vurğulayıb.

İsveçrənin dövlət yayım qurumu “SRG SSR”in beynəlxalq platforması olan “SWI” (swissinfo.ch) görüşü “Paşinyan və Əliyev davamlı sülhün yaradılması səylərini davam etdirmək barədə razılaşıblar” başlığı ilə təqdim edib.

Xəbərdə əsas diqqət liderlərin regionda davamlı sülhü gücləndirmək və dövlətlərarası münasibətləri normallaşdırmaq istiqamətində səyləri davam etdirmək barədə razılaşmasına yönəldilib.

“SWI” həmçinin görüşdə Azərbaycan neft məhsullarının Ermənistana ixracının başlanmasının, biznes dairələri arasında əlaqələrin və iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirə edildiyini qeyd edir.

Mərkəzi və Şərqi Avropa, MDB və inkişaf etməkdə olan bazarlar üzrə ixtisaslaşan “IntelliNews” görüşü “Ermənistan və Azərbaycan liderləri Bişkek görüşündə sülh prosesini irəli aparmaq barədə razılaşıblar” başlığı ilə təqdim edib.

Nəşr görüşün əsas nəticələrindən biri kimi Azərbaycan neft məhsullarının Ermənistana ixracını, taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin yaradılmasını göstərir. “IntelliNews” bunu sülhün möhkəmlənməsinin vacib praktiki təzahürləri kimi təqdim edir.

Nəşr TRIPP layihəsinə də xüsusi diqqət ayıraraq onu Azərbaycanı Naxçıvanla birləşdirən regional bağlantı layihəsi kimi təqdim edir və layihənin dövlətlərin suverenliyi və yurisdiksiyasına hörmət əsasında həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirir.

Cənubi Qafqaz və Avropa-Yaxın Şərq əlaqələri üzrə ixtisaslaşan “Commonspace.eu” görüşü diplomatiya, sülh və regional bağlantılar kontekstində təqdim edib.

Nəşrin diqqət çəkdiyi əsas məqam liderlərin davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və bağlantıların gücləndirilməsi üçün birbaşa ikitərəfli əlaqələr vasitəsilə addımları davam etdirmək barədə razılığa gəlməsidir.

“Commonspace” həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, tranzit imkanlarının genişləndirilməsini və TRIPP çərçivəsində bağlantı layihələrinin əhəmiyyətini ön plana çıxarır.

Rusiyanın ən tanınmış biznes və siyasi nəşrlərindən biri olan “Kommersant” görüşü iqtisadi aspektdən təqdim edib.

Nəşrin başlığında diqqət birbaşa əməkdaşlığın davam etdirilməsinə yönəldilib. “Kommersant” yazır ki, Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin qurulması sülhün möhkəmlənməsinin təzahürü kimi qiymətləndirilib.

Nəşr konkret olaraq Azərbaycan neft məhsullarının Ermənistana ixracını və üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranzitini qeyd edir. Eyni zamanda, TRIPP-i Vaşinqton sammitinin mühüm nəticələrindən biri adlandırır.

Rusiyanın aparıcı informasiya agentliklərindən “Interfax” görüşün əsas gündəmini “Bakı və İrəvan münasibətlərin normallaşdırılması və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində addımları müzakirə edib” kimi təqdim edib.

Agentlik yazır ki, liderlər Vaşinqton sülh sammitinin tarixi əhəmiyyətini, sülh sazişi üzrə razılaşdırılmış mətnin paraflanmasını və iki ölkə arasında praktiki əməkdaşlığın inkişafını müzakirə ediblər.

“Interfax”ın diqqət çəkdiyi əsas nəticələrdən biri də Əliyev və Paşinyanın birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün möhkəmləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılaşmasıdır.

Gürcüstanın Birinci Kanalı – 1TV görüşün nəticəsini birbaşa sülh prosesi ilə əlaqələndirib. Xəbərin başlığında iki liderin birbaşa ikitərəfli əlaqələr vasitəsilə sülhün möhkəmləndirilməsinə yönəlmiş addımları davam etdirmək barədə razılaşdığı vurğulanıb.

1TV Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən tranziti, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsini və sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyətini də qeyd edib.

Gürcüstan mediasının bu yanaşması görüşün Tbilisinin də xüsusi maraq göstərdiyi regional bağlantılar və nəqliyyat layihələri kontekstində təqdim edildiyini göstərir.

Qazaxıstanın “Kursiv” nəşri görüşü “Əliyev və Paşinyan ölkələr arasında sülhlə bağlı bəyanat verdilər” başlığı ilə işıqlandırıb.

Nəşr yazır ki, liderlər münasibətlərin normallaşdırılmasının gedişini və əvvəl əldə olunmuş sülh razılaşmalarının həyata keçirilməsini müzakirə ediblər. “Kursiv” xüsusilə Azərbaycan neft məhsullarının Ermənistana ixracına və üçüncü ölkələrdən malların Azərbaycan ərazisindən tranzitinə diqqət çəkərək, bunları sülh prosesinin artıq ilk praktiki nəticələri kimi təqdim edir.

Nəşr TRIPP layihəsini də Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi göstərir və tərəflərin bu marşrut üzrə nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin vacibliyini vurğuladığını yazır.

İranın dövlət xəbər agentliyi IRNA görüşü “Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşünün əsasını sülhün və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi təşkil edib” məzmununda təqdim edib.

Beləliklə, İran mediasında da görüşün əsas istiqaməti siyasi qarşıdurmadan daha çox sülh prosesinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı kimi təqdim olunub.

Gürcüstanın “Newshub Georgia” nəşri də görüşü ayrıca beynəlxalq xəbər kimi yayımlayıb. Onun materialında əsas diqqət Əliyev və Paşinyanın Bişkekdə, ŞƏT sammiti çərçivəsində bir araya gəlməsinə və iki ölkə arasında sülh prosesinin davam etdirilməsinə yönəldilib.

İki liderin Bişkek görüşü “Hürriyet”, “Türkiye Gazetesi”, “Yeni Şafak”, “TRT Avaz”, Open.kg, 24.kg, “Ulysmedia”, “CentralAsia.media”, “Economist.kg”, “Netgazeti”, “Interpressnews”, “Resonance Daily”, “Info9”, “PrimeTime”, “New Turk Post” və “TRT Arabi” kimi mətbuat orqanları tərəfindən də geniş işıqlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar