DİN “Fars” agentliyinin yaydığı məlumatı təkzib etdi
20 iyun 2011 16:37 (UTC +04:00)

DİN “Fars” agentliyinin yaydığı məlumatı təkzib etdi

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən bildirilib. Müşavirədə polis general-mayoru Həzi Aslanov da çıxış edib. O, Azərbaycanda son illər narkomaniya, narkotik vasitələrin və onların prekursorlarına qarşı mübarizənin dövlət səviyyəsində aparıldığını, bununla əlaqədar artıq 2007-2012-ci illəri əhatə edən və sayca üçüncü olan Dövlət Proqramının da uğurla həyata keçirildiyini bildirib.


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov öz çıxışında, həmçinin, narkotiklərin qanunsuz dövriyyəsinin transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorizmin əsas maliyyə mənbələrindən biri olduğunu deyib. O qeyd edib ki, bu problemin qlobal miqyas alıb və Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonumuzu işğal etməsi nəticəsində ölkəmizin İranla 132 kilometrlik sərhəd hissəsinə faktiki nəzarəti itirməsinə, buna görə də göstərilən ərazi vasitəsi ilə narkotik vasitələrin daşınmasına qarşı adekvat tədbirlərin görülməsinin mümkün olmamasına gətirib çıxarıb.


“Lakin bəzi KİV-lər İranın yarımrəsmi “Fars” agentliyinin adı çəkilən toplantı barədə verdiyi xəbərə istinadən belə bir məlumat yayıb ki, guya həmin müşavirədə çıxışı zamanı Azərbaycan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov ABŞ-ın ünvanına şok ittihamlar səsləndirərək, bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu və Birləşmiş Ştatların bir çox yüksək rütbəli dövlət rəsmilərinin narkotik ticarəti himayə etdiyini qeyd edib. Rəsmi şəkildə bildiririk ki, polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməyib.


Bununla əlaqədar bəzi mətbuat orqanlarında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin adından getmiş həmin təxribat xarakterli, iki dost və strateji müttəfiq olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan fikirləri qəti şəkildə təkzib edirik. Və təəssüf edirik ki, yarımrəsmi olduğu bildirilən “Fars” İnformasiya Agentliyi belə həqiqətdən uzaq, qərəzli və böhtan xarakterli məlumatlar yaymaqla, eyni zamanda, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud mehriban qonşuluq və dostluq siyasəti ilə uzlaşmayan bir mövqe nümayiş etdirib” - deyə məlumatda bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar