Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi danışdı
17 iyun 2011 12:47 (UTC +04:00)

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi danışdı

“Müsəlmanlar arasından məni müfti, Vaqif Əkbərovu şeyx, Yasin Əliyevi isə imam seçiblər. Bizim şiə, sünni olaraq aramızda heç bir ayrı-seçkilik yoxdur.

Qafqaz Müsəlmanları İdarəsinə, onun rəhbəri Allahşükür Paşazadəyə isə böyük hörmətimiz var. O bizim şeyximizdir, onu sevirik və bu idarədən ayrı düşməmişik, ondan küsməmişik”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında yeni yaradılmış Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Camal Paksadze İdarənin yaranmasının Azərbaycanda, xüsusən də Qafqaz Müsəlmanları İdarəsində narazılıqla qarşılanmasına münasibət bildirərkən deyib.
Səkkiz dəfə Acarıstanda imam seçilmiş C. Paksadzenin sözlərinə görə, onların istəyi odur ki, məscidlər müsəlman ölkələrində necə qeydiyyatdan keçirsə, Gürcüstanda da elə olsun: “İndi yaratdığımız qeyri-hökumət təşkilatının məqsədi bütün problemləri birlikdə çözməkdir. İstər gürcü müsəlman sünnisi olsun, istərsə də şiə, bizim üçün fərq etməz. Hamımız qardaşıq, bir-birimizə məhəbbətimiz var. İnşallah dini xidmətimizi uğurla davam etdirəcəyik. Bir müfti olaraq mənim vəzifəm Acarıstanın 5 rayonuna, eyni zamanda Adıgün, Samsxe-Cavaxeti, Kaxeti və digər bölgələrdə yaşayan müsəlmanlara xidmət etməkdir. Mən müsəlman övladıyam, mənim ulu babam da imamlıq edib. Bizim ofisimiz Tiflisdə olacaq, eyni zamanda mən Batumidəki məsciddə fəaliyyət göstərəcəyəm. Mən həmin məsciddə tələbələrə Quranı öyrədirəm”.

C. Paksadze QMİ-nin nümayəndəsi Hacı Əli Əliyevlə uzun müddətdir, dostluq etdiklərini də bildirib: “Əli mənim qardaşımdır. Biz bir parça çörəyi yarı bölmüşük. Biz birlikdə məsləhətləşmələr aparırıq. Bu nümayəndəlik yenə var və fəaliyyət göstərir”.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyx Vaqif Əkbərov da APA-ya açıqlamasında məqsədlərinin dinə xidmət etmək olduğunu deyib. O, Allahşükür Paşazadənin Qafqazın dini rəhbəri olduğunu bildirib: “O, kommunistlərin vaxtında və indiyədək çox iş görüb. İndi biz Gürcüstanda belə bir idarə yaratmışıq, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də digər müsəlman və digər təşkilatlarla yaxşı münasibətdə olmaq, dostluq etmək istəyirik. Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan nümayəndəliyi 1996-cı ildən fəaliyyət göstərir. Lakin mən nə Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi, nə də İdarənin üzvüyəm. Mən Gürcüstan Müsəlmanları İdarəsinin xidmətindəyəm. Yaranmış narazılığı isə qəbul etmirəm və səbəbini başa düşmürəm. Təkcə onu deyə bilərəm ki, Qafqaz Müsəlmanları İdarəsi, hörmətli Hacı Allahşükür Paşazadə, eləcə də bütün dünyadakı müsəlmanların təşkilatları ilə yaxşı münasibət qurmaq istəyirik. Bu təşkilatı yaratmaqda məqsədimiz də millətimiz üçün xeyirli işlər görməkdir”.

Gürcüstan Müsəlmanları İdarəsinin imamı Yasin Əliyev APA-ya açıqlamasında İdarənin yaranmasının QMİ-yə pis təsir etdiyini deyib: “Qafqaz Müsəlmanları İdarəsi uzun müddət Gürcüstanda müsəlmanlara rəhbərlik edib və bu gün belə bir vəziyyətin yaranması təbii ki, onlara təsir edib. Amma biz müstəqil dövlət olaraq bu idarəni yaratmışıq. Onların narazılıqlarını bildirməsinə təbii baxmaq olar, çünki Gürcüstanda yaşayan azərbaycanlılar artıq onlara tabe deyillər. Lakin bu addım şeyxə qarşı deyil. Gürcüstan dövlətinin bizə belə bir şərait yaratmasını alqışlamaq lazımdır. Bu idarənin yaranması müsəlmanları parçalanmağa aparmır. Biz çalışacağıq ki, Gürcüstanda yaşayan müsəlmanlar arasında parçalanma olmasın. Mən 14 il Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini işləmişəm. Bizim Qafqaz Müsəlmanları İdarəsindən ayrılmağımızda heç bir səbəb axtarmaq lazım deyil. Sadəcə, müstəqil dövlətimizdə müstəqil dini idarəmizi yaratmışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar