Elmar Məmmədyarov “El Mundo”ya müsahibə verdi
16 iyun 2011 14:59 (UTC +04:00)

Elmar Məmmədyarov “El Mundo”ya müsahibə verdi

XİN-in mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, bu, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından bəri, iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfərdir. Səfərin ilk günü nazir İspaniyanın aparıcı qəzetlərindən “El Mundo”ya Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələr və onların inkişaf perspektivləri barədə müsahibə verib.

Bu gün isə nazir İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın İspaniyadakı səfiri A.Əfəndiyev, bu nazirliyin qurumu olan İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya Şirkətinin baş menecerinin müavini, İspaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin direktorunun müavini, İspaniyanın ən böyük şirkətlərindən biri olan “Tecnicas Reunidas” şirkətinin prezidenti, icraçı vitse-prezidenti, baş katibi və digər yüksək səviyyəli rəsmiləri iştirak edib.

Görüş əsnasında E.Məmmədyarov ilə dövlət katibi A.Bonet ölkələr arasında olan əlaqələrin cari vəziyyəti, onların inkişaf etdirilməsi və yeni mərhələyə çıxarılması perspektivləri, bunun üçün mövcud olan potensial, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın incəlikləri və Azərbaycanda İspaniya Səfirliyinin açılması vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Nazir E.Məmmədyarov Respublikamızın son illərdəki iqtisadi artımı və əldə olunan nailiyyətləri, neft və qaz siyasəti, o cümlədən ixrac həcmləri və bu sahənin şəffaflığı, neftdən gələn gəlirlərin paylaşdırılması, ölkə iqtisadiyyatının diversifikasiyası prosesi, respublikamızda həyata keçirilən iri layihələr və təşəbbüslər barədə qarşı tərəfə məlumat verib.

Öz növbəsində İspaniyanın iqtisadi xarici siyasəti, əsas ticarət tərəfdaşları barədə məlumat verən, Latın Amerikasında sərmayələrin yatırılması üzrə ABŞ-dan sonra İspaniyanın ikinci yerdə olduğunu, eyni zamanda beynəlxalq bazarlara çıxmaq prosesinin gecikdirdiklərini bildirən A.Bonet, Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlarını, bu sahədə ispan şirkətlərinin fəal olmasının vacibliyini qeyd edib.

Görüşü yekunlaşdıran E.Məmmədyarov iki ölkə arasında Biznes Forumunun təşkil olunmasının vacibliyini, həmin Forumun məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətini, bu tədbirə önəm verilməsi üçün İspaniyanın yüksək vəzifəli rəsmisinin forum iştirakçıları ilə ölkəmizə səfər etməsinin vacibliyini xüsusi vurğulayaraq, həmin səfər zamanı iki ölkə arasında iqtisadi sahədə müvafiq hüquqi sənədlərin imzalanması mümkünlüyünü bildirib.

Həmin tədbirin keçirilməsi vacibliyini birmənalı dəstəkləyən İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya Şirkətinin baş menecerinin müavini, İspaniya XİN-in və “Tecnicas Reunidas” şirkətinin nümayəndələri bu məqsədlə Azərbaycana səfər etməyə hazır olduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar