Elmar Məmmədyarov: “Ermənistan razılıq versə...”
07 iyun 2011 13:08 (UTC +04:00)

Elmar Məmmədyarov: “Ermənistan razılıq versə...”

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı hər hansı razılıq əldə olunmadığını deyən nazir prezidentlərin Kazan görüşünə hazırlıq barədə də danışıb: “Çalışırıq ki, bu görüş ərəfəsində elə bir mühit yaradaq, elə edək ki, hansısa addım ata bildiyimizi göstərək”.


Qoşunların təmas xətində atəşkəsin pozulması halları barədə suala cavabında nazir bunları deyib: “Bu, müharibədir. Toqquşmalar ola bilər. Bunu aradan qaldırmaq üçün Ermənistan qoşunları işğal etdiyi ərazilərdən çıxarılmalıdır. Deyirlər ki, snayperlər cəbhə xəttindən çıxarılsın. Lakin bunun üçün ilk növbədə Ermənistan qoşunları işğal altında olan ərazilərdən çıxarılmalıdır. O zaman snayperlər də mövqelərini dəyişəcək. Erməni qoşunları işğal altında olan ərazilərdən nə qədər tez çıxarılsa, sülhə o qədər tez nail olunar”.


“Dağlıq Qarabağ probleminin həlli ilə bağlı əsas prinsiplərindən hansı razılaşdırılıb?” sualına cavab olaraq nazir münaqişənin nizamlanması üçün müəyyən prinsiplərin olduğunu deyib: “Bunlar qoşunların işğal edilmiş ərazilərdən çıxarılması, kommunikasiyanın açılması, ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması, sülhməramlı qoşunların yerləşdirilməsi və sairdir. Bunlar “Yol xəritəsi”ndə də var. Çalışırıq bunların üzərində işi davam etdirək. Ermənistan razılıq versə, bu çərçivədə sülh sazişi üzərində işə başlaya bilərik”.


“Prezidentlərin Kazan görüşündə sadalananlarla bağlı bir nəticə gözləmək olarmı?” sualına isə E. Məmmədyarov bu barədə nəsə deyə bilməyəcəyini açıqlayıb. Nazir Azərbaycanın işğal altında olan yeddi rayonunun ermənilər tərəfindən boşaldılması ilə bağlı Kazanda razılıq əldə olunub-olunmayacağı barədə suala da indidən cavab verə bilməyəcəyini deyib: “Bu barədə nəsə demək hələ tezdir”.


“Ermənistan qoşunları işğal altında olan ərazilərdən çıxarılandan sonra ərazidə yerləşdiriləcək sülhməramlı qoşunların tərkibi necə ola bilər” sualına isə nazirin cavabı belə olub: “Razılaşmaya əsasən, sülhməramlı qoşunların tərkibində həmsədr və qonşu ölkələr təmsil olunmayacaq. Tərkib müzakirə edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar