Koreyada ermənilərin təxribatının qarşısı alınıb
06 iyun 2011 10:32 (UTC +04:00)

Koreyada ermənilərin təxribatının qarşısı alınıb

Koreya Respublikasının paytaxtı Seul şəhərində 2-5 iyun tarixlərində keçirilmiş XXIV Koreya Dünya Səyahət Sərgisində müxtəlif ölkə nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin bir sıra turizm təşkilatları “Azərbaycan Respublikası köşkü” ilə təmsil olunub. Koreya Respublikasındakı səfirliyimizdən Lent.az-a verilən məlumata görə, respublikamızın turizm məkanları haqqında sərgi iştirakçılarına məlumatlar verilib, materiallar paylanıb.

Koreya Dünya Səyahət Sərgisində Ermənistanın “Armintour” adlı səyahət şirkəti iştirak edib. Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi tərəfindən “Armintour” şirkətinin payladığı səyahət broşürlərinin birində Ermənistana təşkil edilən turist marşrutlarına Azərbaycanın işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinin adlarının da əlavə olunduğu aşkar edilib. Məsələ ilə bağlı dərhal Koreya Dünya Səyahət Sərgisinin təşkilat komitəsinə müvafiq müraciət ünvanlanmaqla yanaşı, sərginin təşkilatçısı olan “KOTFA” şirkətinin prezidenti ilə görüş keçirilərək, dövlət və ya özəl səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan ərazilərinə turist marşrutlarının təşkilinin beynəlxalq qanuna zidd olduğu və Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozduğu bildirilib.

Səfirlik tərəfindən daha sonra erməni tərəfinin bu kimi addımının istənilən beynəlxalq sərginin, o cümlədən Koreya Dünya Səyahət Sərgisinin imicinə xələl gətirə biləcəyi vurğulanıb, broşürlərin erməni köşkündən yığışdırılması xahiş edilib. Koreya tərəfi Azərbaycanın mövqeyinin anlaşılan olduğunu bildirməklə yanaşı, işğal olunmuş ərazilərin səyahət marşrutlarına salınmasının və bunların reklam broşürləri vasitəsilə yayılmasının yolverilməz olduğunu qeyd edib. Koreya tərəfi həmin broşürlərin Koreya Dünya Səyahət Sərgisindən çıxarılacağını, eləcə də cari il ərzində Koreyada keçirilməsi nəzərdə tutulan digər beynəlxalq sərgilər zamanı erməni tərəfindən paylanmasının qarşısının alınacağını diqqətə çatdırıb.

Sonradan Səfirlik tərəfindən erməni köşkünə keçirilmiş növbəti baxış zamanı haqqında danışılan broşürlərə təsadüf edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar