Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının III konfransı keçirilir
APA-nın Sankt-Peterburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, şəhərin Tavriçeskiy sarayında keçirilən konfransda RAGT-ın iki il ərzində fəaliyyətini əks etdirən film nümayiş olunub. Sonra RAGT-ın sədri Leyla Əliyeva çıxış edib. L. Əliyeva konfransa gələn qonaqları salamlayaraq onlara konfransda iştiraklarına görə təşəkkürünü bildirib. O, RAGT-ın iki ildir ki, fəaliyyət göstərdiyini söyləyib: “Bu illər ərzində təşkilat aktiv fəaliyyət göstərib və bu fəaliyyətin artıq nəticələri var. RAGT təkcə Moskvada deyil, Rusiyanın bütün regionlarında aktiv fəaliyyət göstərir. Bu illər ərzində biz təşkilat olaraq bir neçə aksiya keçirmişik. Bunlardan ən önəmlisi “Xocalıya ədalət uğrunda” adlı kampaniyasıdır. Bu kampaniya çərçivəsində dünyanın bir sıra ölkələrində tədbirlər keçirilib və nəticədə Xocalı barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Ümid edirəm ki, Dağlıq Qarabağ problemi tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.
RAGT-ın Rusiyada təhsil, mədəniyyət, səhiyyə və humanitar sahələrə də önəm verdiyini söyləyən Leyla Əliyeva təşkilatın Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliğində mühüm işlər gördüyünü söyləyib: “RAGT Rusiyada səhiyyə sahəsində, o cümlədən narkotiklər əleyhinə kampaniyaların keçirilməsində və qan vermə aksiyalarının keçirilməsində aktiv işlər görüb”.
Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında bu qədim şəhərdə RAGT-ın III konfransının keçirilməsinin mühüm hadisə hesab etdiyini söyləyib. RAGT-ın fəaliyyətindən danışan səfir Leyla Əliyevanın başçılığı altında təşkilatın bir çox mühüm işlər gördüyünü bildirib: “Xüsusi qeyd etmək istəyirəm ki, RAGT-ın “Xocalıya ədalət” kampaniyası yüksək səviyyədə keçirilib. Bu kampaniya sayəsində dünya ictimaiyyəti Qarabağ torpağında baş verən bu dəhşətli hadisə haqqında məlumatlandırılıb”.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxışında Rusiyanın şimal paytaxtında keçirilən bu konfransın AMOR-un ideyası olduğunu bildirib. AMOR-un yarandığı gündən bu günə qədər gördüyü işlərdən danışan nazir təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. A. Rəhimov Azərbaycan dövlətinin gənclər siyasətindən danışaraq Azərbaycan gəncliyi 2011-2015-ci illər” dövlət proqramından bəhs edib: “Statistikaya görə, Rusiyada 170 min azərbaycanlı gənc yaşayır. RAGT bu gənclərin fiziki və mənəvi sağlamlığına dəstək verir “.
Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Rusiya-Azərbaycan münasibətlərinin tarixindən danışıb: ”2011-ci il Azərbaycan və Rusiyanın tarixində çox önəmli ildir. Bu il hər iki dövlətin müstəqilliyinin 20 illiyidir. SSSR-nin süqutundan sonra Azərbaycan və Rusiya müstəqil dövlət oldular. Bu vaxtdan hər iki dövlətin münasibətləri inkişaf edib və bu günki səviyyəyə gəlib çatıb. Bu gün dövlət tərəfindən bizim gənclərimizin qarşısında bu münasibətlərin gələcək inkişafının möhkəmləndirilməsi tapşırığı qoyulub”.
1991-ci ildə Xocavənd və Füzuli rayonlarının hərbi komendantı olmuş general-leytenant Aleksandr Volox çıxışında Heydər Əliyevin böhran içində, inkişafdan qalan bir ölkəni qoruyub saxlaya bildiyini söyləyib: “Hal-hazırda Azərbaycanda iqtisadi inkişaf yüksək səviyyədədir, lakin biz və Azərbaycan gəncliyi torpaqların işğal altında olması faktı ilə razılaşa bilmirik. Bu gün gənclərin qarşısında qoyulan əsas vəzifələr Azərbaycana qarşı olan ədalətsizliyi aradan qaldırmaq və dövlət suverenliyini qoruyub saxlamaqdan ibarətdir”.
İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun baş katibi Elşad İsgəndərov İKT-nin RAGT-ın III konfransına ünvanlanmış müraciətini oxuyub.
Bundan başqa konfransda MDB Parlamentlərarası Şuranın baş katibi Mixail Kratov, Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov Sankt-Peterburq Universitetinin prezidenti Lyudmila Vebritskaya, Rusiya Gənclər və Uşaq Təşkilatının sədri Aleksandr Sokolov və başqaları çıxış ediblər.
Qeyd edək ki, konfrans öz işini bu gün davam etdirir.
532